Fransada məhbusların sayı rekord həddə çatıb

fransada-mehbuslarin-sayi-rekord-hedde-catib
Oxunma sayı: 212

Fransa həbsxanalarında saxlanılan məhbusların sayı yenidən rekord həddə çataraq oktyabrın 1-nə 90,9 min nəfər olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Fransa Ədliyyə Nazirliyinin hesabatına əsasən, son bir ildə məhkumların sayı 7,2 faiz artıb. Halbuki həbsxanaların tutumunun genişləndirilməsi cəmi 1,5 faiz təşkil edib. Bu fərq cəzaçəkmə müəssisələrində ciddi sıxlığa səbəb olub.

Agentlik yazır ki, məhkəmə hökmünü gözləyən və ya qısa müddətli cəza çəkən şəxslərin saxlanıldığı müəssisələrdə doluluq səviyyəsi 178 faizə çatıb. Ölkə üzrə ümumi göstərici isə 143,3 faiz təşkil edib:

“Problemin həlli üçün hakimiyyət modul tipli həbsxanalarda əlavə 3 min yer yaratmağı planlaşdırır. Bu müəssisələrin ənənəvi həbsxanalarla müqayisədə daha ucuz başa gəldiyi bildirilir. Lakin 2018-ci ildə elan edilmiş genişmiqyaslı planın icrası ləng gedir. Belə ki, vəd edilən 15 min yerdən indiyədək yalnız 8 mini tikilib”.

Bildirilib ki, Fransanın cəzaçəkmə sistemi beynəlxalq səviyyədə də tənqid olunur. Avropa İnsan Hüquqları Məhkəməsi ölkəni həbsxanalardakı xroniki sıxlıq, məhbusların saxlanma şəraitinin pis olması və problemin aradan qaldırılması üçün təsirli tədbirlərin görülməməsinə görə dəfələrlə tənqid edib.

Qeyd edək ki, noyabrın 2-də Fransanın Paris, Marsel, Lion və digər şəhərlərində lisey şagirdləri təhsil müəssisələrinin fəaliyyətini yenidən bloklayıblar. Etirazlar sentyabr ayında paytaxt ətrafındakı tələbə və yuxarı sinif şagirdlərinin təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirdikləri aksiyalarla başlayıb.