“CNN bir müddət əvvəl çox təhlükəli məsələ barədə məlumat yaymışdı. Bu elə bir məsələ idi ki, regionda vəziyyətə çox ciddi təsir edə bilərdi. Yəni bu peşəkar yanaşma deyildi”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.
“Azərbaycan bu situasiyada nə etdi? Qarşı tərəfdən açıqlama istədi, eləcə də məsələni BMT qarşısında qaldırdı. Lakin hələlik bu barədə cavab yoxdur”.
Hikmət Hacıyev bildirib ki, CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi: “Onların iddiası ilə baxsaq, İsrail hərbi avadanlığı bura necə daşıya bilər? Bu olsa, bunu peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi.
CNN-in yaydığı məlumat elə idi ki, sanki Azərbaycanda İsrail qüvvələri var və onlar lazım olsa, İrana hücum edə bilər. Bu, texniki olaraq mümkün deyil, tamamilə dezinformasiya idi. Jurnalist bu barədə yazarkən başa düşməlidir ki, bu, texniki olaraq mümkün deyil”.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər