İngiltərənin Surri qraflığında yaşayan təqaüdçü rəngsaz 15 il çardaqda saxladığı “Pokemon” kart kolleksiyasını hərracda 1,56 milyon funt-sterlinqə (təxminən 3,6 milyon manat) satıb.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən kişi kolleksiyanın dəyərini yerli qəzetdə bir kartın 6 min funt-sterlinqdən baha satılması barədə xəbəri oxuduqdan sonra anlayıb.
O, kartları 1990-cı illərin sonunda “Pokemon” həvəskarı olan oğlu üçün toplamağa başlayıb. Kolleksiyanın bir hissəsini Malayziyadan “eBay” vasitəsilə alan rəssam vaxtilə 300 funt-sterlinqə aldığı dəsti hərracda 75 min-funt sterlinqə satıb.
Ümumilikdə 42 dəstdən ibarət kolleksiyanın kartları açılmamış qablaşdırmalarda və xüsusi qovluqlarda, yüksək keyfiyyətli vəziyyətdə qorunub. Ən qiymətli əşya isə demək olar ki, qüsursuz “Charizard” kartının da daxil olduğu “Əfsanəvi Kolleksiya” dəsti olub. Dəyəri 15-20 min funt-sterlinq qiymətləndirilən dəst 100 min funt-sterlinqə alıcı tapıb.
Hərracı təşkil edən “Ewbank” evi satışın Böyük Britaniyada kolleksiya kartları üzrə ən yüksək məbləğli hərrac olduğunu və Avropa rekordu ola biləcəyini bildirib. Bu sahədə əvvəlki ən yüksək satış oktyabrın 9-da Londonda 872 min funt-sterlinq təşkil edib.
Təqaüdçü tapıntısını belə təsvir edib: “İnsanlar həmişə çardaqda xəzinə tapmaqdan danışırlar. Mənim vəziyyətimdə isə bu, sözün əsl mənasında doğrudur”.

Son xəbərlər
Son Xəbərlər