Cenevrədəki ABŞ-İran görüşü dalana dirənib - KİV

cenevredeki-abs-iran-gorusu-dalana-direnib
Oxunma sayı: 434

ABŞ və İran arasında Cenevrədə keçirilən nüvə danışıqları əsas məsələlərdə razılığın əldə olunmaması səbəbindən dalana dirənib.

“Qafqazinfo” “The Wall Street Journal” (WSJ) qəzetinə istinadən xəbər verir ki, tərəflər arasında mövqelərin yaxınlaşmaması danışıqlar prosesini ciddi çətinliklərlə üz-üzə qoyub.

Mənbələrin verdiyi məlumata görə, Vaşinqton Tehranın Fordo, Nətənz və İsfahandakı əsas nüvə obyektlərini tamamilə ləğv etməsini, həmçinin bütün zənginləşdirilmiş uran ehtiyatlarını Amerika tərəfinə təhvil verməsini tələb edir.

Nəşr yazır ki, ABŞ sazişin müddətsiz olmasını şərt qoyarkən, İran rəsmiləri uranı zənginləşdirmək hüququnda israr edirlər. Belə ki, Tehran uranın zənginləşdirilmə səviyyəsini hazırkı 60%-dən 1,5%-ə endirməyi və ya emal üçün beynəlxalq konsorsiumlara təqdim etməyi təklif etsə də, Vaşinqton bu güzəştləri yetərsiz hesab edir. ABŞ tərəfi İrana yalnız minimal sanksiya güzəştləri təklif edir ki, bu da Tehranın iqtisadi gözləntilərindən xeyli uzaqdır.

Məlumata görə, ABŞ rəsmiləri Cenevrədəki görüşləri vəziyyətin diplomatik həlli üçün “son şans” kimi qiymətləndirib. Lakin Tehranın nüvə proqramının inkişafına daimi məhdudiyyətlər qoymaqdan imtina etməsi və Vaşinqtonun sərt mövqeyi tərəflər arasında fikir ayrılıqlarını dərinləşdirib.

Xatırladaq ki, gərginliyə baxmayaraq, nümayəndə heyətləri dialoqun texniki səviyyədə davam etdirilməsinə razılıq veriblər. Gələn həftə Vyanada keçiriləcək görüşlər nüvə sazişinin gələcəyi üçün həlledici mərhələ hesab olunur.