Ölümcül epidemiya bu tarixdə başa çatacaq

olumcul-epidemiya-bu-tarixde-basa-catacaq
Oxunma sayı: 367

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən aylarda beynəlxalq narahatlıq yaradan hantavirus epidemiyasının iyulun 2-də rəsmi olaraq başa çatmasının gözlənildiyini açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, qurumun baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib ki, indiyədək virusa yoluxanların sayı 13 nəfər olub və onlardan 3-ü həyatını itirib.

O bildirib ki, mayın 2-də epidemiya barədə xəbərdarlıq daxil olduqdan sonra 33 ölkə və ərazidə 650-dən çox təmasda olmuş şəxs müəyyən edilib. Onların böyük əksəriyyəti karantin müddətini başa vurub, qalan 54 nəfərin isə iyulun 2-dək müşahidə altında qalacağı bildirilib.

“Əgər həmin tarixə qədər yeni yoluxma halı qeydə alınmasa, epidemiya başa çatmış hesab olunacaq”, – deyə Qebreyesus vurğulayıb.

Qeyd edək ki, epidemiya Niderland bayrağı altında üzən “MV Hondius” kruiz gəmisində qeydə alınan ağır tənəffüs yolu xəstəliklərindən sonra gündəmə gəlib.

Gəmi aprelin 1-də Argentinanın Uşuaya şəhərindən yola düşərək Cənubi Atlantik okeanındakı bir sıra adalara səfər edib. Səfər zamanı bir sərnişin aprelin 11-də xəstələnərək vəfat edib. Sonradan daha iki sərnişinin ölümü hantavirusla əlaqələndirilib.

Qalan sərnişinlər daha sonra İspaniyanın Tenerife adasında təxliyə olunub və nəzarətə götürülüblər.