Braziliya millisinin ulduzu Neymar 980 günlük fasilədən sonra yenidən milli komandanın matçında meydana çıxıb.
“Qafqazinfo” xəbər verir ki, o, Şotlandiya ilə keçirilən matçın 77-ci dəqiqəsində Mateus Kunyanın əvəzinə meydana daxil olub.
Qeyd edək ki, DÇ-də Şotlandiya ilə C qrupunun son oyunundan əvvəl 33 yaşlı futbolçu Braziliyanın matç heyətinə daxil edilib. Baş məşqçi Karlo Ançelotti onu Mayamidə keçirilən qarşılaşma üçün ehtiyat oyunçular siyahısına salıb.
Uzunmüddətli zədədən sonra heyətə qayıdan Neymar Braziliyanın Şimali Amerikadakı turnirdə ilk iki oyununu buraxmışdı. Onun sağ baldırından aldığı zədə əvvəlcə “yüngül ödem” kimi qiymətləndirilsə də, sonradan futbolçunun daha uzun müddət meydandan kənarda qalmasına səbəb olmuşdu.
Baş məşqçi Karlo Ançelotti Neymarın vəziyyəti ilə bağlı müsbət açıqlama verib: “Hazırdır, bu həftə çox yaxşı məşq edib. Formadadır və oynamağa hazırdır. O, yarım saat və ya 90 dəqiqə də oynaya bilər. Onun qayıtmasından məmnunuq”.
Ançelotti həmçinin bildirib ki, Neymarın təcrübəsi və liderliyi komanda üçün mühüm əlavə güc olacaq.
Braziliya millisi turnirdə ilk oyununda Mərakeşlə 1:1 heç-heçə edib, ikinci matçda isə Haitini 3:0 hesabı ilə məğlub edib. Komanda hazırda C qrupunda liderlik uğrunda mübarizə aparır.
Əlavə edək ki, Neymar millinin heyətində sonuncu dəfə 2023-cü ilin oktyabrında Uruqvaya qarşı oyunda meydana çıxmış,orada ağır zədə almışdı.
Son xəbərlər
Son Xəbərlər