Norveç hökuməti təhsildə rəqəmsallaşmanın mənfi təsirlərini azaltmaq məqsədilə ibtidai məktəblərdə süni intellekt vasitələrinin istifadəsini, demək olar ki, tamamilə qadağan etmək qərarına gəlib.
“Qafqazinfo”nun xəbərinə görə, ölkənin Baş nazir Yunas Qar Störe mətbuat konfransında bildirib ki, süni intellekt texnologiyalarından həddindən artıq istifadə uşaqların təhsil prosesində vacib mərhələləri keçməsinə mane ola bilər.
Onun sözlərinə görə, məktəblərin əsas vəzifəsi şagirdlərə oxumaq, yazmaq və fundamental riyazi bacarıqları öyrətməkdir.
Yeni qaydalar 2026-cı ilin avqust ayının sonundan, yeni tədris ilindən etibarən qüvvəyə minəcək.
Qərara əsasən, 6-13 yaşlı şagirdlər, yəni birinci sinifdən yeddinci sinfə qədər olan uşaqlar ümumi qayda olaraq süni intellekt alətlərindən istifadə edə bilməyəcəklər. 14-16 yaşlı şagirdlərə isə bu texnologiyalardan yalnız müəllim nəzarəti altında və məhdud şəkildə yararlanmağa icazə veriləcək.
Hökumət hesab edir ki, süni intellektdən səmərəli və məsuliyyətli istifadə bacarıqları əsasən 17-19 yaşlı orta məktəb şagirdlərinə öyrədilməlidir. Məqsəd gəncləri ali təhsil və əmək bazarına daha düzgün hazırlamaqdır.
Norveç rəsmiləri, eyni zamanda, məktəblərdə rəqəmsal cihazlardan asılılığı azaltmağa da çalışır. Bu çərçivədə sinif otaqlarında planşet istifadəsinin məhdudlaşdırılması və çap olunmuş dərsliklərin sayının artırılması nəzərdə tutulur. Hökumət məktəblərin kitab təminatını gücləndirmək üçün ayrıca maliyyə fondu yaratmağa hazırlaşır.
Qeyd edək ki, Norveç son illərdə təhsil sahəsində texnologiyaların istifadəsinə dair bir sıra sərt addımlar atıb. Daha əvvəl məktəblərdə smartfonlardan istifadəyə məhdudiyyət tətbiq edən hökumət 16 yaşdan kiçiklər üçün sosial media istifadəsinin qadağan olunması imkanını da müzakirə edir.
Son xəbərlər
Son Xəbərlər