“Sabit tarif xərc əsaslı metodologiyanın tarif elementlərindən biridir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, sabit tarif elementinin tətbiqində əsas məqsəd əlavə tarif elementini yaratmaqla maliyyə yükünü artırmaq deyil: “Belə ki, bu, özü-özlüyündə metodoloji yanaşmaya zidd olar. Çünki təchizat subyektlərinə tariflər vasitəsilə daxilolmalar həmin təchizat xidməti ilə bağlı yol verilən tarif xərcləri səviyyəsində məhdudlaşdırılır. Bu, belə olduğuna görə hər hansı tarif elementlərinin tətbiqi bu və ya digər formada icazə verilən tarif xərclərini artıra bilməz. Bu baxımdan sabit tarifin tətbiqində əsas məqsəd tarif elementlərinin təchizat xərclərinin xarakteri baxımından, yəni sabit və dəyişkən xərclər baxımından doğru şəkildə strukturlaşdırılması, o cümlədən, xərclərin istehlak tariflərinə ədalətli şəkildə ötürülməsinin təmin olunmasıdır.
Məsələn, iki abonentimiz var. Onlardan birinin bir, digərinin iki mənzili var, istehlak səviyyəsi eynidir və buna görə də bu günə olan istehlak tarifi üzərindən baxdıqda, bir və iki mənzili olan abonent eyni həcmdə ödənişini aparır. Çünki hər ikisinin istehlakı eynidir. Bu dolayısı ilə üç mənzilin infrastruktur xərcləri iki abonent arasında bölüşdürülür. Bu məsələdə biz bölgünü daha ədalətli şəkildə təmin etməyi sabit tarif tətbiqində görürük. Çünki sabit tarif elementinin tətbiqir bilavasitə aidiyyəti abonentlərə aid olmuş olacaq”.
Nuranə Daxilqızı