Bəzi ərazilərdə qaz və işıq pulunda güzəşt təklif edilib

bezi-erazilerde-qaz-ve-isiq-pulunda-guzest-teklif-edilib
Oxunma sayı: 715

“Dağlıq rayonlarda yaşayışa təsir edən ən mühüm məsələ kommunal tariflərdir. Bakı və Abşerondakı hava şəraiti Gədəbəyin, Daşkəsənin, Lerikin, Şahbuzun, Qusarın yüksək dağ kəndlərindəki iqlimdən fərqlidir. Elə yaşayış məntəqələri var ki, ailələr yeddi-səkkiz ay evlərini qızdırmalı olur. Ancaq ölkə üzrə eyni istehlak tarifləri və limitlər tətbiq edilir, qaz və elektrik təchizatında aylıq sabit ödənişlər də mövcudddur. Eyni istehlak şərtlərinin müxtəlif iqlim şəraitində yaşayan ailələr üçün tətbiqi ağır nəticələr doğurur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Zahid Oruc bildirib. 

“Biz bütün ölkədə kommunal tariflərin birdən dəyişdirilməsindən danışmırıq. Söhbət sərt iqlim şəraitində yaşayan, xüsusilə sərhəd və yüksək dağ kəndlərində məskunlaşan ailələr üçün fərqli yanaşmadan gedir. Belə ərazilərdə qaz və elektrik üzrə istehlak limitlərinin ləğvi, ödənişlərdə isə güzəştli tariflərin tətbiqini təklif edirik. Həmin kəndlərdə çalışan həkim və müəllimlər üçün də iqlim və məsafə nəzərə alınmaqla, əlavə ödəniş əmsalları müəyyən edilə bilər. Sərhəd və dağ kəndlərində məskunluğun gücləndirilməsi üzrə dövlət proqramının qəbulu ölkə başçısının narahatlqıla vurğuladığı paytaxta axının qarşısının alınmasında mühüm rol oynaya bilər”, - komitə sədri qeyd edib.

Nuranə Daxilqızı