Homofob şüarlara görə oyunu bitirən, bir matçda 4 “qırmızı” göstərən - Kimya professoru kimdir?

homofob-suarlara-gore-oyunu-bitiren-bir-matcda-4-qirmizi-gosteren
Oxunma sayı: 1053

Dünya çempionatının ən böyük qarşılaşmalarından biri olan Fransa - İspaniya yarımfinalında fit çalan İvan Barton turnirin ən çox müzakirə edilən simalarından birinə çevrilib.

“Qafqazinfo” xəbər verir ki, salvadorlu hakim matçdan əvvəl də diqqət mərkəzində olub, lakin qarşılaşmadan sonra Fransa millisinin baş məşqçisi Didye Deşamın sərt sualları ilə gündəmə gəlib.

Bartonun adı təkcə bu təyinatla deyil, qeyri-adi həyat hekayəsi, beynəlxalq arenadakı yüksəlişi və meydandakı cəsarətli qərarları ilə də yadda qalır.

35 yaşlı İvan Barton Salvadorun ikinci ən böyük şəhəri olan Santa Anada dünyaya gəlib. Referinin hekayəsi klassik hakim karyerasından xeyli fərqlənir. Barton futbol meydanlarına gəlməzdən əvvəl elmi auditoriyalarda fəaliyyət göstərib. O, El Salvador Universitetində kimya elmləri üzrə təhsil alıb və bir müddət üzvi kimya professoru kimi çalışıb.

Kimya laboratoriyasından Dünya Kubokunun ən böyük səhnəsinə qədər uzanan bu yol Bartonun qeyri-adi karyerasının əsas xüsusiyyətlərindən biri hesab olunur. Elmi fəaliyyətlə yanaşı, futbola marağı onu hakimlik yoluna gətirib.

Salvadorlu referi 2014-2015 mövsümündə ölkəsinin yüksək liqasında hakim kimi fəaliyyətə başlayıb. Peşəkarlığı və qərarları ilə qısa müddətdə diqqət çəkən Barton 2018-ci ildə FIFA-nın beynəlxalq hakimləri siyahısına daxil edilib.

Bundan sonra onun karyerası sürətlə yüksəlib. Barton KONKAKAF-ın əsas turnirlərində – Qızıl Kubok, Millətlər Liqası və Çempionlar Kubokunda, həmçinin Olimpiya Oyunları və Klublararası Dünya Kubokunda oyun idarə edib.

İvan Barton artıq ikinci dəfə Dünya Ç-nin iştirakçısıdır. O, 2022-ci ildə Qətərdə keçirilən mundialda beynəlxalq arenanın ən böyük səhnəsinə çıxıb. Həmin turnirdə üç oyuna təyinat alıb. Bunlar Yaponiya – Almaniya, Braziliya – İsveçrə və İngiltərə - Seneqal matçlarıdır.

Onun idarə etdiyi Yaponiya - Almaniya qarşılaşması xüsusilə böyük rezonans doğurub. Asiya təmsilçisi həmin oyunda dünya nəhəngini 2:1 hesabı ilə məğlub edərək turnirin ən böyük sürprizlərindən birinə imza atmışdı.

Bu DÇ-də isə Barton daha üç görüşdə baş hakim kimi meydana çıxıb: Türkiyə - Paraqvay (0:1), Yaponiya - İsveç (1:1) və İsveçrə - Kolumbiya (0:0).

Bu oyunlarda, əsasən, sakit idarəçilik nümayiş etdirən Barton xüsusilə Türkiyə - Paraqvay matçındakı qərarı ilə bütün dünyanın diqqətini çəkib.

İvan Bartonun adı 2026-cı il mundialında xüsusi bir hadisə ilə tarixə düşüb.

Türkiyə ilə Paraqvay arasındakı qarşılaşmada Paraqvay millisinin futbolçusu Migel Almiron rəqiblə qarşıdurma zamanı ağzını əli ilə örtüb. Yeni qaydalara əsasən, bu hərəkətə görə futbolçuya qırmızı vərəqə göstərilib.

Barton epizodu əvvəlcə meydanda qiymətləndirib, daha sonra VAR vasitəsilə görüntülərə baxaraq qərarını təsdiqləyib.

Beləliklə, Almiron DÇ tarixində məhz bu qayda səbəbindən meydandan qovulan ilk futbolçu olub, Barton isə həmin qərarı verən ilk hakim kimi yadda qalıb.

Salvadorlu hakimin adı daha əvvəl də gərgin qarşılaşmalarla gündəmə gəlib.

2023-cü ildə ABŞ və Meksika arasında keçirilən KONKAKAF Millətlər Liqasının yarımfinalında Bartonun idarə etdiyi görüş böyük qalmaqalla başa çatıb. Həmin oyunda dörd futbolçu qırmızı vərəqə alıb. ABŞ millisindən Ueston Makkenni və Sercino Dest, Meksikadan isə Sezar Montes və Xerardo Arteaga meydandan kənarlaşdırılıb.

Qarşılaşma zamanı azarkeşlər arasında homofob şüarlar səsləndirilib. Barton əvvəlcə oyunu dayandırıb, daha sonra şüarlar təkrarlananda qarşılaşmanı vaxtından əvvəl bitirmək qərarı verib.

Bartonun ən böyük sınaqlarından biri isə Fransa və İspaniya arasındakı DÇ yarımfinalı olub. Turnirin favoritlərindən sayılan iki komandanın qarşılaşmasında hər qərar böyük diqqətlə izlənilib. Matçdan sonra isə Fransanın baş məşqçisi Didye Deşam hakimliklə bağlı narazılığını dilə gətirib.

Fransalı mütəxəssis xüsusilə İspaniyanın ilk qoluna səbəb olan penalti epizodunu müzakirəyə çıxarıb. Onun fikrincə, Lukas Dinyenin Lamin Yamalla təmasından əvvəl topa mümkün əl toxunuşu VAR tərəfindən nəzərdən keçirilməyib.

“Əgər nəsə desəm, məğlub olduğumuz üçün acıqlı təəssürat bağışlayacağam. Amma sizdən soruşuram: hakim DÇ-nin yarımfinalını idarə etmək üçün lazımi səviyyəyə malik idimi?”, - Deşam deyib.

Bununla belə, fransalı çalışdırıcı məğlubiyyətin əsas səbəbini hakimdə görmədiyini də vurğulayıb: “Oyunçular məyus olublar, amma realist olmalıyıq. Texniki baxımdan rəqibdən geri qalırdıq. İspaniya bu oyunda əlavə keyfiyyət nümayiş etdirdi”.

İvan Bartonun hekayəsi futbol dünyasında nadir rast gəlinən yüksəlişlərdən biridir.

Bir vaxtlar auditoriyada kimya dərsi deyən salvadorlu mütəxəssis illər sonra dünyanın ən böyük futbol turnirində yarımfinal idarə edən hakimə çevrilib.