Dünya çempionatında Kabo-Verde millisinin heyətində göstərdiyi möhtəşəm performansla diqqət mərkəzinə düşən təcrübəli qapıçı Vozinya transfer bazarının ən çox müzakirə olunan futbolçularından birinə çevrilib.
“Qafqazinfo” xəbər verir ki, hazırda azad agent statusunda olan 40 yaşlı qolkiperə yeddi klubun maraq göstərdiyi bildirilir.
Turnirin ən böyük sürprizlərindən birinə imza atan Vozinya xüsusilə İspaniyaya qarşı oyunda etdiyi vacib seyvlərlə futbolsevərlərin rəğbətini qazanıb.
Onun uğuru sosial şəbəkələrdə də əks-səda doğurub. Kabo-Verde millisinin qapıçısının instaqram hesabındakı izləyicilərinin sayı qısa müddətdə 28 milyonu ötərək, Mayk Menyan, Cordan Pikford və Emiliano Martines kimi tanınmış qapıçıları geridə qoyub.
Son mövsümü Portuqaliyanın ikinci liqa təmsilçisi “Çaves”də keçirən Vozinyanın müqaviləsi iyunda başa çatıb. Təcrübəli qolkiperin DÇ-dəki çıxışı isə onun karyerasına yeni nəfəs verib.
İspaniyanın “Marca” nəşrinin məlumatına görə, ABŞ təmsilçisi “İnter Mayami” transfer yarışında ön sıralardadır. Klub rəhbərliyinin həm Vozinyanın təcrübəsindən yararlanmaq, həm də onun artan populyarlığını marketinq baxımından dəyərləndirmək istədiyi bildirilir. Transfer baş tutacağı təqdirdə, qapıçı Lionel Messi və Luis Suares kimi ulduzlarla eyni komandada çıxış edəcək.
Vozinyaya maraq yalnız ABŞ ilə məhdudlaşmır. Braziliyadan “Atletiko Qoyanense”, “Seara” və “Avai”, Meksikadan “Kruz Azul”, Argentinadan “Deportivo Riestra”, Paraqvaydan isə “Olimpiya”nın qapıçını yaxından izlədiyi qeyd olunur.
DÇ-dən əvvəl geniş futbol ictimaiyyətinə o qədər də tanış olmayan Vozinya turnirdəki uğurlu çıxışı sayəsində qısa müddətdə transfer bazarının ən çox tələb olunan oyunçularından birinə çevrilib.
Son xəbərlər
Son Xəbərlər