“Deputatların çoxu işləməkdən yorulub”

deputatlarin-coxu-islemekden-yorulub
Oxunma sayı: 676

Ukrayna Ali Radasının hakim “Xalqın Xidmətçisi” partiyasından olan deputatı Yuri Kamelçuk parlament üzvlərinin ağır iş şəraitindən və səhhətlərində yaranan problemlərdən gileylənib.

“Qafqazinfo” “Strana.ua” nəşrinə istinadən xəbər verir ki, deputat parlamentarilərin işləməkdən yorulduğunu və fiziki durumlarının pisləşdiyini bildirib.

Kamelçukun sözlərinə görə, əvvəlki çağırışın deputatları onları bel, görmə, eşitmə, diqqət və yaddaş pozğunluğu barədə xəbərdar ediblər:

“Əslində hər şey dedikləri kimi oldu, deputatların çoxu işləməkdən yorulub. Rada döyüş meydanı olmasa da, olduqca ağrılı bir yerdir”.

Qeyd edək ki, Ukrayna parlamentindəki gərginlik yalnız deputatların səhhəti ilə məhdudlaşmır. Belə ki, aprelin 2-də digər deputat Dmitri Razumkov ölkə büdcəsində cəmi iki həftəlik vəsaitin qaldığını açıqlayıb. O qeyd edib ki, yaranmış kəsiri doldurmaq üçün vətəndaşlara yeni vergilər tətbiq ediləcək.

Məlumata görə, Kiyevin 2022-2025-ci illər ərzində götürdüyü kreditlərin qaytarılması Ukrayna büdcəsinə 1,3 trilyon qrivnaya (təxminən 29,6 milyard dollar) başa gələcək. İqtisadi böhranın fonunda Ali Radada Prezident Volodimir Zelenskiyə qarşı siyasi narazılığın və üsyan dalğasının baş qaldırdığı bildirilir.