Dünya necə fırlanır-fırlansın, saat öz işində olacaq

dunya-nece-firlanir-firlansin-saat-oz-isinde-olacaq
Oxunma sayı: 703

1972-ci ildən dünya vaxtını Yer kürəsinin fırlanması ilə uyğunlaşdırmaq üçün istifadə olunan “sıçrayış saniyəsi” sisteminin tədricən ləğvi planlaşdırılır. Bu addım texnoloji sistemlərdə yaranan nasazlıqların qarşısını almağa yönəlib.

“Qafqazinfo”nun xəbərinə görə, Beynəlxalq Çəki və Ölçülər Bürosunun 69 üzv ölkəsi təkliflə bağlı səs verəcək.

2022-ci ildə qəbul edilmiş qətnaməyə əsasən, sistemin 2035-ci ilədək aradan qaldırılması nəzərdə tutulur.

“Sıçrayış saniyəsi” astronomik vaxtla atom saatlarına əsaslanan Koordinasiyalı Universal Vaxt arasındakı fərqi tənzimləyir. 1972-ci ildən bəri saatlara 27 əlavə saniyə daxil edilib. Lakin bu düzəlişlər kompüter serverləri, maliyyə əməliyyatları və naviqasiya sistemlərində problemlər yaradıb. 2012-ci ildə bəzi sosial media platformaları və uçuş sifarişi sistemlərinin fəaliyyətində nasazlıqlar qeydə alınıb.

Müzakirələri sürətləndirən amillərdən biri də gələcəkdə bir saniyə əlavə etmək əvəzinə onu çıxarmaq zərurətinin yarana bilməsidir. Mütəxəssislər belə bir addımın rəqəmsal sistemlərdə ciddi problemlərə səbəb ola biləcəyini bildirirlər.

Sistem ləğv edilərsə, atom vaxtı Yer kürəsinin fırlanmasından daha müstəqil hesablanacaq. Atom vaxtı ilə astronomik vaxt arasındakı fərqin bir saata çatmasının isə 3000 ildən çox vaxt aparacağı gözlənilir.