Dünyanın ən gözəl muzeyi seçildi - Fotolar

dunyanin-en-gozel-muzeyi-secildi
Oxunma sayı: 128

Norveçin Kristiansann şəhərində yerləşən Kunstsilo muzeyi UNESCO-nun Paris qərargahında keçirilən təqdimat mərasimində nüfuzlu “Prix Versailles” memarlıq mükafatına layiq görülərək dünyanın ən gözəl muzeyi seçilib.

“Qafqazinfo” xəbər verir ki, bu prestijli mükafat hər il dünyanın ən uğurlu və innovativ müasir memarlıq layihələrinə təqdim olunur.

Muzeyin direktoru Mariya Mediaas Yörstad komandanın bu uğura görə son dərəcə sevindiyini və qürur duyduğunu bildirib. O, mükafatın əldə edilməsində ən böyük payın layihənin memarlarına məxsus olduğunu xüsusi vurğulayıb.

Keçən il istifadəyə verilən Kunstsilo Muzeyində, Norveç Neft Fondunun rəhbəri Nikolaj Tangenin şəxsi kolleksiyası da daxil olmaqla, ümumilikdə təxminən 7500 sənət əsəri qorunub saxlanılır. Bu, muzeyin aldığı ilk beynəlxalq təltif deyil – o, daha əvvəl də İspaniyanın prestijli memarlıq mükafatına layiq görülmüşdü.

Parisdəki təqdimat mərasimində Kristiansannın meri Matias Bernander də daxil olmaqla, Norveç nümayəndə heyəti iştirak edib. Mer bu uğuru “möhtəşəm nailiyyət” adlandıraraq, həm şəhər, həm də Kunstsilonun formalaşmasında əməyi olan hər kəs ilə qürur duyduğunu qeyd edib.