“Həyatımda yeni münasibətlər üçün nə vaxt, nə də emosional yer var”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri dünyaşöhrətli müğənni Şakira “The Times” qəzetinə müsahibəsində söyləyib.
Məşhur futbolçu Jerar Pike ilə səs-küylü ayrılığından 4 il sonra ilk dəfə şəxsi həyatı barədə danışan müğənni hazırda diqqətini tamamilə uşaqlarına və karyerasına yönəltdiyini qeyd edib.
“Hazırda romantikanın vaxtı deyil. Həyatımda bunun üçün nə yer, nə də vaxt var. Boşqabım artıq ağzınacan doludur. Uşaqlarım mənim əsas prioritetimdir. Bir də karyeram. Qəribədir, amma mən öz işimə əvvəlkindən daha çox aşiqəm. Özümlə tək vaxt keçirməkdən də xoşum gəlir”, - Şakira deyib.
Kolumbiyalı müğənni həmçinin həyatının ən ağır dövrlərindən biri hesab etdiyi boşanmasından danışıb. Onun sözlərinə görə, ailəsinin dağılması atası Uilyamın ciddi sağlamlıq problemləri yaşaması ilə üst-üstə düşüb. Şakira həmin dövrü həyatının “ən qaranlıq anları” kimi xarakterizə edib.
“Mən əbədi qorumaq istədiyim ailənin dağılmasını yaşayırdım. Böyük ağrıdan keçməli oldum, amma bəlkə də məhz bu ağrı məni daha müdrik, ya da heç olmasa daha güclü etdi”, - o bildirib.
Müğənni qeyd edib ki, çətinliklər ona nə qədər dözümlü olduğunu yenidən kəşf etməyə kömək olub: “Deyirlər ki, bizi öldürməyən hər şey, bizi daha güclü edir - bu, həqiqətən belədir. İnsanın nə qədər dözümlü ola biləcəyini dərk etmək heyrətamizdir. Bəzən məhz ağrı və sınaqlar vasitəsilə biz əslində nə qədər güclü olduğumuzu anlayırıq”.
Şakiranın sözlərinə görə, əzablar ona yaxınların dəstəyini və əsl dostluğu qiymətləndirməyi öyrədib.
Qeyd edək ki, Pike və Şakira 11 illik vətəndaş nikahından sonra 2022-ci ilin yayında ayrılıblar. Buna səbəb futbolçunun müğənniyə xəyanət etməsi olub. Onların Saşa və Milan adlı iki oğlu var.
Ayrılıqdan sonra Pike Klara Çia ilə 3 il sevgi münasibəti yaşayıb, Şakira isə bu müddətdə daha çox ailəsinə və sənətinə vaxt ayırmağa üstünlük verib.


Son xəbərlər
Son Xəbərlər