Azərbaycanda ekspeditorun hüquqi statusu müəyyən edilir.
“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin bugünkü iclasında yeni “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi müzakirə edilib.
Layihəyə əsasən, nəqliyyat-ekspedisiya müqaviləsində başqa hal nəzərdə tutulmaqdıqda, nəqliyyat-ekspedisiya müqaviləsinin icrası zamanı ekspeditor öz adından və ya müştərilərinin adından üçüncü şəxslərlə müqavilələr bağlamaq hüququna malikdir.
Üçüncü şəxslərə münasibətdə ekspeditor bu Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, öz adından hərəkət edir. Ekspeditorun öz adından bağladığı müqavilələr üzrə hüquq və vəzifələr ekspeditora aiddir.
Nəqliyyat-ekspedisiya müqaviləsi ilə nəzərdə tutulan hallarda, eləcə də müqavilədə ekspeditora belə hüquq verilmədikdə müştəri tərəfindən verilən etibarnamə əsasında ekspeditor üçüncü şəxslərlə münasibətlərdə müştərinin adından hərəkət edir. Bu zaman ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müştərinin adından bağladığı bütün müqavilələrin əslini 5 (beş) gün ərzində müştəriyə təqdim etməlidir.
Ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsində nəzərdə tutulmuş öhdəliklərinin icrası üçün başqa ekspeditor cəlb etdikdə müştərinin razılığı ilə əlavə nəqliyyat-ekspedisiya müqaviləsi bağlamalıdır. Bu halda digər ekspeditoru cəlb edən ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsinə əsasən müştərinin hüquq və vəzifələrini əldə edir.
Bundan başqa, nəqliyyat-ekspedisiya fəaliyyətini həyata keçirmək üçün hüquqi əsaslar müəyyən edilir.
Layihəyə əsasən, nəqliyyat-ekspedisiya fəaliyyəti yüklərin daşınması ilə bağlı nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi üzrə ekspeditor tərəfindən həyata keçirilən sahibkarlıq fəaliyyətidir.
Nəqliyyat-ekspedisiya xidmətləri müştəri və ekspeditor arasında bağlanılmış nəqliyyat-ekspedisiya müqaviləsi əsasında həyata keçirilir.
Hüquqi şəxslər və fərdi sahibkarlar nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı fəaliyyətin həyata keçirilməsi üçün “Lisenziyalar və icazələr haqqında” Qanunla tələb olunduğu halda zəruri lisenziyanı və icazəni almalı, habelə bu Qanunla və Mülki Məcəllə ilə müəyyən edilmiş müvafiq müqavilələri bağlamalıdırlar.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Son xəbərlər
Son Xəbərlər