Bir neçə gündür mediada “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin əsas komandadan qovulması ilə bağlı müxtəlif versiyalar irəli atılır. Futbolçunun gecə həyatına görə Qurban Qurbanov tərəfindən cəzaya məruz qaldığı bildirilir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Cəfərquliyev həqiqətən gecə həyatına aludə olub və karyerasına zərbə vurub.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dəfələrlə 25 yaşlı oyunçuya xəbərdarlıq etsə də, futbolçu buna məhəl qoymayıb. Maraqlısı budur ki, Elvin demək olar ki, məşqlərdən sonra vaxtının çoxunu gecə əyləncəsinə həsr edir.
.jpg)
Bir neçə ay öncə Cəfərquliyev “Qafqazinfo”ya müsahibəsində Qurban Qurbanovun ona ciddi xəbərdarlıq etdiyini və vəziyyətin dəyişməyəcəyi halda komandadan göndəriləcəyini dediyini bildirmişdi. Futbolçu artıq sakitləşəcəyini və fikrini karyerasına yönəldəcəyini desə də, buna əməl etməyib.
“Qarabağ”ın vacib “Şamaxı” ilə matçda 0:0-lıq heç-heçə edib çempionluq yolunda ağır zərbə alması və Elvinin bu matçda zəif oynaması Qurbanovun səbrini daşırıb. Həmin qarşılaşmada isə təkcə Elvin yox, digər oyunçular da potensialından aşağı çıxış edib. Uzun müddət sonra start heyətdə oyuna çıxan Abbas Hüseynovun da performansının aşağı olması onu baş məşqçinin qəzəbinə tuş gətirib.
“Şamaxı” ilə matçdan sonra “Qarabağ” çempionluğun taleyini həll edəcək qarşılaşmada “Sabah”la üz-üzə gələcəkdi. Bu mövsümün oyunundan əvvəl isə Elvin və Abbas yenidən gecə həyatına atılıb. Onların şəhərin bahalı restoranlarından birində gecə əyləncəsinə qatıldıqları və orada spirtli içki qəbul etdikləri məlum olub. Bu isə Q.Qurbanovu özündən çıxarıb və hər iki futbolçunu əvəzedici heyətə göndərib. Böyük ehtimalla onların heç biri əsas komandaya qaytarılmayacaq və satılacaq.
“Qarabağ”ın sabiq futbolçularından birinin bizə verdiyi məlumata görə, futbolçuların gecə əyləncəsinə aludə olması Qurban Qurbanovun heç sevmədiyi şeydir. O, vaxtikən özünün də, digər komanda yoldaşlarının da buna görə cəzalandığını bildirib. O qeyd edib ki, Q.Qurbanov yalnız bir neçə ay ərzində 1-2 dəfə bu cür əyləncələrə qatılmağa icazə verir.
Digər məqam isə ondan ibarətdir ki, E.Cəfərquliyev təkcə indi deyil, Çempionlar Liqasında vacib oyunlardan birindən öncə də gecə əyləncəsinə qatıldığı üçün problemlə üzləşib. Hətta, həmin vaxt da Q.Qurbanov onu komandadan qovmaq istəyib. Lakin ciddi xəbərdarlıqdan sonra futbolçuya güzəşt edilib. Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasında “Kopenhagen”lə matçdan sonra maraqlı açıqlama vermişdi. O, Elvinə bel bağlamaq olmaz deyərək futbolçunun intizamsızlığına işarə vurmuşdu.
Elvin Cəfərquliyev elə saytımıza müsahibəsində demişdi ki, futbolu buraxıb ofisiant işləyib, Rəşad Sadıqov onu yenidən futbola qaytarıb. O, keçmişdə yaşadığı çətin günləri, çəkdiyi əziyyətləri unutmur. Bunu dilə gətirirsə, yenidən həmin günlərini yada salıb, intizamını düzəldib futbola tam məsuliyyətlə yanaşacağına inanırıq.
Hazırda E.Cəfərquliyevlə Qurban Qurbanov arasında münasibətlər getdikcə daha da pisləşir. Belə ki, “Qarabağ” Azərbaycan kubokunun yarımfinalında “Sabah”a uduzduqdan sonra 25 yaşlı oyunçunun instaqramda etdiyi paylaşım diqqətçəkməyə bilməzdi. Məşq salonundan foto paylaşan oyunçu sanki “Qarabağ”ın məğlubiyyətində onun meydanda olmamasının rolunu vurğulamaq istəyirdi.

Onun ardınca “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin “Kimin kim olduğunu bildik” paylaşımı da müzakirələrə səbəb oldu. Bəziləri təcrübəli qapıçının “Sabah”la matçın hakimlərinə söz atdığını, bəziləri isə bunun Elvin Cəfərquliyevə ünvanlandığını bildirdi.

Elvin Cəfərquliyev son illərdə Azərbaycan futbolunun yetişdirdiyi ən istedadlı oyunçulardan biridir. Həm “Qarabağ”dakı, həm millidəki oyunu ilə diqqətləri üzərinə çəkə bildi. Dəqiq faktlar olmasa da, futbolçuya Avropadan müxtəlif təkliflər gəldiyini güman etmək olar. Çünki E.Cəfərquliyevin “Qarabağ”da adlı-sanlı rəqiblərə qarşı oyunu üst səviyyədə idi. Amma intizamsızlığı onu uçuruma apara bilər. Biz Azərbaycan futbolunda bu cür hadisələrə çox şahidlik etmişik. Vaxtilə Təmkin Xəlilzadə kimi istedad futbolumuzun gündəmində idi. Amma onun da intizam problemi futbolçunu uçuruma apardı. Bu cür misallar çox çəkmək olar.
E.Cəfərquliyevin adı “Neftçi” ilə hallansa da, onun menecerinin dediyinə görə xarici klublara getmək ehtimalı böyükdür. “Qarabağ”la müqaviləsi davam edən futbolçu Ağdam klubuna da pul qazandıra bilər. Mövsüm başa çatdıqdan sonra isə nə baş verəcəyini görəcəyik.
Elsevər Məmmədov