Ermənilərin yaraladığı 7 sakindən ikisi vəfat etdi

ermenilerin-yaraladigi-7-sakinden-ikisi-vefat-etdi
Oxunma sayı: 5096

Ötən gün səhər saatlarından etibarən Ermənistan hərbi birləşmələrinin növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması nəticəsində yaralanan 7 mülki vətəndaşdan ikisi vəfat edib.

“Qafqazinfo”nun Tərtərə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, onlar rayonun Dəmirçilər kənd sakinləri 1988-ci il təvəllüdlü İbrahimov Şahin Mahmud oğlu və 1971-ci il təvəllüdlü Əliyev Müzəffər Əli oğludur.

Qeyd edək ki, həlak olan şəxslər qohumdurlar. Belə ki, Şahin İbrahimov Müzəffər Əliyevin yeznəsidir.

Onu da əlavə edək ki, hadisə nəticəsində Ş.İbrahimovun atası 1962-ci il təvəllüdlü İbrahimov Mahmud Qaçay oğlu yaralanaraq xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, ötən gün saat 08 radələrində dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişdi.

Emin Səfərov