“Ermənistan hakimiyyətində narkomafiya ilə əlaqədə olanlar var” - Deputat Tevanyan

ermenistan-hakimiyyetinde-narkomafiya-ile-elaqede-olanlar-var
Oxunma sayı: 1626

“Ermənistan rəhbərliyində olan adamların narkotik mafiyası ilə əlaqəsi var. Dövriyyəsi 1 milyard dollara çatan nəhəng narkotik ticarəti hakimiyyətin himayəsi olmadan mümkün olmazdı”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Hayastan müxalifət blokunun deputatı Andranik Tevanyan bildirib. 

O, politoloq Artur Xaçikyanla birlikdə xüsusi xidmət orqanlarından kokain idxalı ilə bağlı rezonans doğuran xəbərə aydınlıq gətirmək üçün Milli Təhlükəsizlik Xidmətinin binasına gedib.

Deputatın sözlərinə görə, Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsi 4 tona çatıb ki, bu da təxminən 1 milyard dollar deməkdir. O iddia edir ki, Ermənistanda belə nəhəng məbləğlər hakimiyyətin diqqətindən yayına bilməzdi.

Mənbənin yazdığına görə, mayın 18-də Ermənistanın Milli Təhlükəsizlik Xidməti Ekvadordan meyvə idxal edən şirkət tərəfindən respublikaya gətirilən 1 ton kokainin saxlanması barədə məlumat yayıb. Qeyd olunur ki, nəhəng narkotik partiyası İtaliya və Gürcüstandan tranzit yolla ölkəyə gətirilib. Ələ keçirilən narkotikin ümumi dəyəri isə təxminən 250 milyon avro təşkil edir. Bir gün əvvəl isə İtaliya mediası yerli limanlardan birində 78 tonluq banan yükünün içərisində gizlədilmiş 2,7 ton kokainin saxlanması barədə yaymışdı ki, yük qaimələrinə əsasən, onların Gürcüstanın Batumi limanı vasitəsilə Ekvadordan Ermənistana göndərildiyini göstərirdi. Həmin narkotikin ümumi dəyəri 800 milyon avro olaraq qiymətləndirilib.

Tevanyan sual edib ki, əgər İtaliya mətbuatı bu barədə ilk məlumatı verməsəydi, Ermənistan Milli Təhlükəsizlik Xidməti narkotik alveri haqqında danışardımı?

Deputat, həmçinin Şəhərsalma Komitəsinin keçmiş rəhbəri Vaaqn Vermişyanın həbsi və ondan sonrakı məhkəmə hökmünün narkotik məsələsi ilə bağlılığından şübhələndiyini açıqlayıb. Onun bildirdiyinə görə, hətta komitənin sədri olanda da Vermişyan sement adı altında Ermənistana böyük həcmdə kokain gətirildiyini bəyan etmişdi.

Tevanyanın sözlərinə görə, bu açıqlamasından bir müddət sonra (2020-ci ilin fevralından) Vermişyan həbs edilib. Deputat, həmçinin istisna etmir ki, hazırda Ermənistanda irimiqyaslı tikintilər narkotik biznesi ilə sıx bağlıdır. O iddia edir ki, inşaat işinin köməyi ilə pullar yuyulur. Tevanyan dolların niyə bu qədər ucuzlaşması sualının cavabını da bunda görür. Onun fikrincə, ucuz valyuta onu narkotik biznesinə yatırmaq üçün lazımdır.