Ermənistanda Paşinyana qarşı saxta “Azərbaycan izi” kampaniyası

ermenistanda-pasinyana-qarsi-saxta-azerbaycan-izi-kampaniyasi
Oxunma sayı: 1607

Ermənistanda iyun ayında keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca ölkə daxilində cari hakimiyyət, xüsusilə də Baş nazir Nikol Paşinyana qarşı müxtəlif xarakterli kampaniyaların başladıldığı müşahidə edilir. 

“Qafqazinfo” xəbər verir ki, bu kampaniyalar əsas olaraq ölkədəki ruspərəst və revanşist dairələr tərəfindən həyata keçirilir.

Sözügedən dairələr Nikol Paşinyanın nüfuzunu sarsıtmaq məqsədilə sosial şəbəkələrdə genişmiqyaslı manipulyasiya və təbliğatlara da başlayıb. 

Belə ki, kampaniyanın əsas xətti Paşinyan hökumətinin Qərbin, xüsusilə Fransanın və Prezident Emmanuel Makronun təsiri ilə ölkədə cinsi azlıqların hüquqlarını təbliğ etməsi və Ermənistanı “ənənəvi dəyərlərdən uzaqlaşdırması” barədə iddiaların yayılmasından ibarətdir. Bu yolla mühafizəkar erməni cəmiyyətində Paşinyana qarşı nifrət və etiraz dalğası formalaşdırmağa çalışıldığı istisna olunmur. 

Kampaniyanın gedişində “False Flag” (Saxta Bayraq) əməliyyatı diqqət çəkir. Bu kampaniyanın ən diqqətçəkən tərəfi onun icra metodudur. Belə ki, həmin müxalif qüvvələr tərəfindən saxta Azərbaycan profilləri yaradılıb. Həmin profillər bu kampaniyanın Azərbaycan mediasında da yayılması üçün müxtəlif media qurumlarına linklər göndərirlər. Məsələn, Tural Eyubov adlı özünü azərbaycanlı kimi təqdim edən profilin məlumatlar hissəsindən onun Ermənistandan idarə olunduğu və qeydiyyatdan keçilən nömrənin Ermənistan mobil operatoruna məxsus olduğu görünür. 

Kampaniyanı hazırlayan və idarə edən şəxslər eyni zamanda həm beynəlxalq ictimaiyyətdə, həm də Ermənistanda seçicilər arasında “Azərbaycan Ermənistanın daxili işlərinə və seçki prosesinə müdaxilə edir” rəyi formalaşdırmağa çalışırlar.