“Estetik əməliyyatlar heç bir xərçəng riski yaratmır” - Dr. Vəfa Vəliyeva

estetik-emeliyyatlar-hec-bir-xerceng-riski-yaratmir
Oxunma sayı: 2561

Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının həkimi, tibb üzrə fəlsəfə doktoru, cərrah-onkoloq, mammoloq Vəfa Vəliyeva “Qafqazinfo”ya müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Son zamanlar süd vəzinin estetik əməliyyatları çox geniş tətbiq olunur. Bir mammoloq kimi xanımlara nə məsləhət görərdiniz?

- İlk növbədə, xanımlara demək istərdim ki, estetik əməliyyatlara getməzdən əvvəl mütləq süd vəzi müayinəsindən keçsinlər. Yəni bütün proseslər müayinədən başlamalıdır. Xanımın yaşı 40-dan aşağıdırsa, USM (ultrasəs müayinəsi), yuxarıdırsa, mammoqrafiya müayinəsi keçməlidir. Əgər süd vəzidə hər hansı bir onkoloji problem olarsa, həm erkən mərhələdə aşkar olunar, həm də əməliyyat və müalicə taktikası müəyyən olunar.

- Bəs süd vəzinin estetik əməliyyatını etdirmək istəyən hansı xanımlar risk qrupuna aiddir?

- Ümumiyyətlə, 40 yaşdan aşağı və ailə üzvlərində, yaxın qohumlarında xərçəng xəstəliyi (əsasən də süd vəzi və yumurtalıq xərçəngi) olan bütün xanımlar risk qrupuna aiddir. Ailəsində bu iki göstərici olan xanım əməliyyata getməzdən əvvəl süd vəzi xərçənginə görə genetik analiz olan BRCA1, BRCA2 testlərini verməlidirlər. Əgər test pozitiv olarsa, süd vəzi tam boşaldılaraq silikon implantla əvəz edilməlidir. Hollivud aktrisası Ancelina Coli məhz bu əməliyyatı etdirib. Bütün dünyada “Angelina Jolie Effect”i kimi tanınan bu əməliyyatdan sonra minlərlər xanım profilaktik olaraq süd vəzi müayinəsi və genetik analiz etdirib. Nəticədə bir sıra xanımlarda erkən mərhələdə və ya genetik olaraq süd vəzi xərçəngi aşkar edilib.

- Süd vəzi xərçəngi xəstəliyində estetik əməliyyatlar icra olunurmu və siz öz praktikanızda bu əməliyyatları tədbiq edirsinizmi?

- Əgər xəstəlik yerli olaraq çox yayılıbsa və dəridə hər hansı bir yara, xora varsa bu əməliyyatları etmək qətiyyən tövsiyə edilmir. Xəstəliyin erkən mərhələsində isə bütün estetik əməliyyatların (kiçiltmə, implant) icrası mümkündür. Biz gündəlik praktikamızda bu əməliyyatları geniş tədbiq edirik.

- Xanımları ən çox narahat edən məsələ estetik əməliyyatların xərçəng əmələ gətirib-gətirməməsidir. Bu haqda nə deyərdiniz?

- Estetik əməliyyat etdirmək istəyən xanımların ən çox verdiyi sualdır. Estetik əməliyyatlar (sinə kiçiltmə, implant) heç bir xərçəng riski yaratmır. Bu yanlış fikirdir. Sadəcə bu əməliyyatlardan öncə xanım mütləq profilaktik müayinə olunmalıdır.

Cərrah-onkoloq, mammoloq Vəfa Vəliyeva ilə əlaqə vasitələri:

Mobil nömrə: 050 284 40 27

İnstaqram: dr_vefa_veliyeva