Avqustun 20-dən 27-dək Kosovonun Priştina şəhərində ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələr arasında Avropa birinciliyi keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, yarışda ölkəmiz 11 atletlə təmsil olunacaq.
Bugün AAF-ın vitse-prezidenti Firdovsi Umudov qitə miqyaslı yarışa yollanacaq heyət üzvləri ilə görüşüb. İdmançılara məsul yarışda uğurlar arzulayan Firdovsi Umudov, onların hər birindən layiqli mübarizə gözlədiyini bildirib. O qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən idmanın və idmançıların, ələlxüsus yeniyetmə atletlərin inkişafına xüsusi həssaslıqla yanaşılır. Uğur qazanmaq üçün isə komanda daxili nizam-intizam qaydalarına ciddi şəkildə riayət edilməli və bu mənada Azərbaycan yığması digər kollektivlərə nümunə olmalıdır.
Məlumat üçün deyək ki, Avropa birinciliyində ölkəmizi 8 oğlan və 3 qız idmançı təmsil edəcək. Qızların yarışında Şəbnəm Həsənzadə (49 kq), Nuray Əbilova (49 kq) və Hənifə Məhərrəmli (61 kq) körpücük üzərinə çıxacaqlar.
Oğlanların yarısında Məhəmməd Rüstəmli (55 kq), İsa Hüseynov (60 kq), Musab Məmmədtağıyev (70 kq), Kamran Xappayev (70 kq), Lətif Əliyev (75 kq), Əbdulhüseyn Hüseynov (75 kq), Fəxrəddin Allahverdiyev ( 85 kq) və Elcan Əliyev (85 kq) bacarığını nümayiş etdirəcək.
Komandamızı yarışa baş məşqçi Sərdar Həsənov, böyük məşqçi Asif Məmmədov və məşqçi Əfqan Bayramov hazırlayıblar. Onlarla yanaşı Kosovoya 2 hakimimiz - Kənan Mustafayev və Səbinə Rzayeva da yollanacaq.


Son xəbərlər
Son Xəbərlər