Fransa Prezidenti Emmanuel Makron “Ölüm zamanı yardım hüququ haqqında” Qanunu imzalayıb.
“Qafqazinfo” “HuffPost” nəşrinə istinadən xəbər verir ki, avqustun 18-də imzalanmış sənəd bir gün sonra ölkənin rəsmi bülletenində dərc edilib.
Məlumata görə, yeni hüquqdan hələlik istifadə etmək mümkün deyil. Belə ki, hökumət əvvəlcə ərizələrin verilməsi və baxılması, prosedurlara nəzarət və tibb müəssisələrinin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarını qəbul etməlidir. Həmçinin evtanaziya üçün istifadə olunacaq preparatların müəyyənləşdirilməsi tələb olunur. Yeni mexanizmin 2027-ci ilin əvvəlindən işə düşəcəyi gözlənilir.
Bildirilib ki, yardım üçün yetkinlik yaşına çatmış vətəndaşlar, habelə ölkədə daimi və qanuni yaşayan əcnəbilər müraciət edə biləcəklər. Xəstə həyatı təhdid edən, gecikmiş və ya terminal mərhələdə olan ağır sağalmaz xəstəlikdən əziyyət çəkməli, həmçinin qərarını sərbəst və şüurlu şəkildə ifadə edə bilməlidir. Xəstənin yalnız psixoloji problemlərdən əziyyət çəkməsi prosedurun aparılması üçün hüquq vermir.
Qanunda “evtanaziya” terminindən istifadə olunmasa da, xəstə öldürücü preparatı müstəqil şəkildə vurmalı olacaq. Əgər o, fiziki olaraq bunu edə bilmirsə, preparatı həkim və ya tibb bacısı yeridəcək. Xahişə digər mütəxəssislərin iştirakı ilə həkim baxacaq. Məsələ ilə bağlı qərar isə 15 gün ərzində qəbul edilməlidir. Təsdiqdən sonra xəstəyə düşünmək üçün ən azı iki gün vaxt veriləcək. Bununla yanaşı, Prosedurdan istənilən vaxt imtina etmək mümkün olacaq.
Tibb işçilərinin şəxsi istəklərinə uyğun olaraq bu prosesdə iştirakdan imtina etmək hüquqları olacaq. Lakin proseduru aparmağa hazır olan mütəxəssisin əlaqə məlumatlarını xəstəyə bildirməlidirlər.
E.Makron qanunun qəbulunu “nümunəvi demokratik müzakirə prosesinin nəticəsi” adlandırıb. Sənədin müəllifi, keçmiş deputat Olivye Falorni onu “irəliyə doğru böyük addım” adlandırıb.
Evtanaziyaya qarşı çıxan Jerom Lejön Fondu isə hesab edir ki, qanun əqli pozuntuları olan insanları kifayət qədər qorumur, çünki onlar belə qərarın nəticələrini qiymətləndirməkdə və ya başqalarının təzyiqinə müqavimət göstərməkdə çətinlik çəkirlər.
Qeyd edək ki, Fransa Milli Assambleyası qanunu iyulun 15-də yekun olaraq təsdiqləyib. Deputatların 291-i layihənin lehinə, 241 nəfər isə əleyhinə səs verib.
Son xəbərlər
Son Xəbərlər