“Freedom House” indi də separatizmin dəstəkçisi rolunda çıxış edir

freedom-house-indi-de-separatizmin-destekcisi-rolunda-cixis-edir
Oxunma sayı: 2641

“Freedom House” 2023-cü il üzrə hesabatlarının ilkin variantlarını ictimailəşdirməyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, “Qlobal demokratiya və azadlıqlar indeksi”, “İnternet azadlığı indeksi” və digər bu kimi hesabatlar artıq təşkilatın veb-səhifəsində yerləşdirilib.

Ayrı-ayrı ölkələrin “azad”, “yarım-azad” və “qeyri-azad” kateqoriyalar üzrə təsnifatlaşdırıldığı bu hesabatlar hər il olduğun kimi, bu dəfə də ciddi etirazlara səbəb olub. İlk baxışdan görünür ki, təşkilatın apardığı “tədqiqatlar”, hazırladığı təhlillər elmi metodologiyalara deyil, siyasi konyukturaya əsaslanıb. 

Diqqəti cəlb edən haldır ki, hesa­batların hətta preambula hissəsində də Çinin, Rusiya və İranın adları çəkilir. Bu dövlətlər “bütün azadlıq indeksləri üzrə pis tendensiyaların yaradıcıları” kimi təqdim edilirlər. Bilinən faktdır ki, adları çəkilən dövlətlər ABŞ-ın strateji plan­larında hədəf seçilən, rəqib qismində görünən və “şər üçbucağı” adlandırılan ölkələrdir. Onlar eyni prinsip əsasında “Freedom House” tərəfindən də hədəfə alınırlar. ABŞ-ın siyasəti ilə uyğunlaş­mayan bu və digər dövlətlər “qeyri-azad ölkələr” indeksi üzrə dəyərləndirilirlər. 

Nümunə olaraq göstərdiyimiz bu detal “Qlobal demokratiya və azadlıq­lar indeksi”nin obyektivliyini şübhəyə alan yeganə məqam deyil. “Freedom House” ABŞ-ın siyasi hədəflərinə uy­ğun davranışlarını davam etdirərək, mərhələ-mərhələ digər dövlətlərə də yer ayırır. Türkiyə başda olmaqla, Türk Dövlətlər Təşkilatına üzv olan ölkələri də özünün qarayaxma kampaniyasına məruz qoyur. Bu tendensiyanı isbatla­yacaq nümunələr verməklə, vəziyyətə aydınlıq gətirək. Qeyd edək ki, Ermə­nistan “Qlobal demokratiya və azadlıq­lar indeksi”, həmçinin “İnternet azadlığı indeksi” üzrə 2-ci kateqiriyada, yəni, ya­rım-azad ölkələr sırasında yerləşdirilib. Türkiyə isə ondan geri pillədə - “azad olmayan” dövlətlər sırasında yer tu­tub. Türkiyəni Ermənistanla müqayisə etmək, Ermənistanı yüksək, Türkiyə­ni isə aşağı kateqoriyada göstərmək nümunəsi “Freedom House” tərəfin­dən hazırlanmış hesabatların gerçək məqsədini üzə çıxarır. Yeri gəlmişkən, qeyd edək ki, “Freedom House” tərə­findən hazırlanmış “İnternet azadlığı indeksi”ndə 100 ölkə arasında 39 ölkə qeyri-azad, 29 ölkə yarım – azad, 31 ölkə isə tam azad ölkə kimi göstərilib. ABŞ-ın merkantil maraqlarına rəqib olan dövlətlərin hamısı qruplaşdırıla­raq, “39 qeyri-azad ölkə” kateqoriyası­na sığışdırılıb. 

“Freedom House” “internet azadlığı indeksi”ni 13 ildir təqdim edir. Hər dəfə də hansısa yeni maxinasiyası ilə diqqət çəkir. 2023-cü il hesabatı da bu baxım­dan istisna deyil. Sonuncu hesabatın “özəl xüsusiyyəti” “Freedom House” tərəfindən etnik-separatizmin dəstək­lənməsidir. Problem ondadır ki, 2023-cü il hesabatında “Dağlıq Qarabağ” Azərbaycandan ayrıca, əlahiddə qurum kimi qiymətləndirilir. Beləliklə, ABŞ-ın son bir il ərzində Azərbaycana qarşı həyata keçirdiyi təxribatçı siyasət “Fre­edom House” tərəfindən hazırlanan hesabatlarda da öz inikasını tapır. ABŞ Ermənistan–Azərbaycan münasibətlə­rinin “tənzimlənməsində” hansı maxina­siyaları tətbiq edirsə, “Freedom House” də “demokratik azadlıqlar indeksi”ndə eyni siyasəti təqib edir. “Dağlıq Qara­bağ”ı əlahiddə subyekt kimi göstərmək­lə, Azərbaycanın ərazi bütövlüyünə qəsd edir. Ən acınacaqlısı odur ki, he­sabatda “Dağlıq Qarabağ” təkcə ərazi baxımından deyil, həm də “demokratik azadlıqlar” konteksində Azərbaycan­dan qoparılır. Hesabatda Azərbaycan “qeyri-azad”, “Dağlıq Qarabağ” isə “ya­rım-azad” ərazi kimi dəyərləndirilərək, Ermənistanla eyniləşdirilir. 

Məlumat üçün qeyd edək ki, “Fre­edom House” təşkilatı Azərbaycanın öz müstəqilliyini elan etməsindən baş­layaraq, bu günə qədər heç vaxt ölkə­miz barədə obyektiv rəy verməyib. ABŞ 1992-ci ildə “Azadlığı Müdafiə Aktı”na907-ci düzəliş edib Azərbaycanın müstəqilliyini təhdid altına aldığı kimi, “Freedom House” da bu illər ərzində hazırladığı hesabatlarda qərəz büruzə verib. O, ABŞ-ın siyasi mərkəzləri ilə sinxron davranışlarını bu gün də da­vam etdirir.

Əslində, bu cür konyunkturlu davra­nışlarını heç gizlətmirlər də. “Freedom House” öz veb-səhifəsində qeyd edir ki, o, ABŞ-ın siyasi maraqlarının qlobal təbliğatçısı və təşviqatçısıdır. Bu təqdi­mat artıq hər şeyi deyir. “Freedom Hou­se” ərazisində yerləşdiyi dövlətin siyasi maraqlarından çıxış edərək rəylər, he­sabatlar hazırlayır və yayır. 

Əslində beynəlxalq təşkilat öz işini sifarişlərlə qurmamalıdır. Beynəlxalq təşkilat elan edibsə, müstəqilliyini qo­rumalı, obyektiv olmalı, gerçəkdən de­mokratik inkişaf, insan haqları, azad­lıqlar uğrunda çalışmalıdır. Obyektiv hesabatlar hazırlamaq üçün, ilk növbə­də, təşkilatın özü azad olmalıdır. Lakin gördüyümüz kimi, “Freeddom House” özü azad və müstəqil deyil. ABŞ si­yasətinin bir qoludur. Onun hazırladığı “Qlobal demokratiya və azadlıqlar in­deksi”, həmçinin, “İnternet azadlığı in­deksi” də azadlıqların dəyərləndirilməsi üçün meyar kimi qəbul edilə bilməz.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti