“Gecə saatlarında çoxlu ağacı kəsib daşıdılar” - Rəsmi açıqlama - Fotolar

gece-saatlarinda-coxlu-agaci-kesib-dasidilar
Oxunma sayı: 1237

“Kürdəmir rayonunun mərkəzi hissəsində çoxsaylı ağac naməlum şəxslər tərəfindən kəsilib”.

Bu barədə “Qafqazinfo”ya rayon sakinləri müraciət edib.

Onların sözlərinə görə, hadisə bir neçə gün öncə gecə saatlarında baş verib: “Bir qrup şəxs xüsusi texnika ilə Kürdəmir şəhəri Bakı prospektində - Olimpiya kompleksi ilə üzbəüz ərazidə çoxsaylı həmişəyaşıl və irigövdəli ağacları kəsərək daşıyıb. Ağacların izinin itirilməsi məqsədilə ərazi gecə ilə şumlanıb. Lakin ağac budaqları və kötükləri orada qalıb. Niyə belə edirlər, anlamırıq. Məlum məsələdir ki, Kürdəmir kimi arid iqlimli yerlərdə ağac yetişdirmək çətindir. Bu kim tərəfindən edilib, bilmirik”.

Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Kürdəmir rayonu, Bakı prospektində ağacların kəsilməsi ilə bağlı şikayət 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb: “Araşdırma zamanı ərazidə hamarlama işlərinin aparıldığı və nəticədə 8 ağac, 1 kolun məhv edildiyi, təbiətə 6080 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslərin müəyyənləşdirilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır. Ağacların məhv edildiyi ərazidə yeni ağaclar əkilib və onlara identifikasiya etiketi vurularaq agac.az portalında qeydiyyata alınıb”.

Fidan Etibar