Türk Dövlətləri Təşkilatının (TDT) sabiq Baş katibi Kubanıçbek Ömüralıyev Türk İnvestisiya Fondunun prezidenti təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TDT-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müvafiq qərar Fondun İdarəçilər Şurası tərəfindən yekdilliklə qəbul olunub.
Qeyd edilib ki, 2022-ci ilin noyabrından 2026-cı ilin noyabrınadək TDT-nin Baş katibi vəzifəsində çalışan Ömüralıyev bu müddətdə türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsinə və təşkilatın beynəlxalq nüfuzunun artırılmasına töhfə verib.
O, yeni vəzifəsində investisiya imkanlarının genişləndirilməsi, iqtisadi əlaqələrin dərinləşdirilməsi və üzv ölkələrin dayanıqlı inkişafına dəstək göstərilməsi istiqamətində fəaliyyət göstərəcək.
Xatırladaq ki, TDT-nin yeni Baş katibi Özbəkistanın xarici işlər nazirinin sabiq müavini Mirvohid Azimov olub.
Nizamnamə kapitalı 600 milyon dollar olan Türk İnvestisiya Fondu türk dövlətləri arasında iqtisadi əməkdaşlığın və regional ticarətin inkişafı məqsədilə yaradılıb. Azərbaycanı Fondun İdarəçilər Şurasında iqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edir.
Son xəbərlər
Son Xəbərlər