Qardaşını maşınla vurub videoya çəkən gənc saxlanıldı - Video - Yenilənib

qardasini-masinla-vurub-videoya-ceken-genc-saxlanildi
Oxunma sayı: 4088

Sosial şəbəkələrdə sürücünün avtomobillə piyadanı qəsdən vurmasını əks etdirən videogörüntülərlə bağlı polis tərəfindən araşdırma aparılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, araşdırma zamanı hadisənin Sabunçu rayonu ərazisində baş verdiyi, görüntülərdəki sürücünün isə 23 yaşlı S.Göyüşov olduğu müəyyən edilib. Həmçinin avtomobillə vurulan şəxsin sürücünün doğma qardaşı olduğu və hadisənin zarafat məqsədilə törədildiyi məlum olub.

Sabunçu rayonunda polis tərəfindən saxlanılan S.Göyüşov barəsində inzibati xəta haqqında protokol tərtib edilərək qərar verilməsi üçün məhkəməyə göndərilib.

***

Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir: “Avtomobillə insanın üzərinə hərəkət edib onu vurmaq, sonra isə bunu “zarafat” adlandırmaq təhlükəli əmələ bəraət qazandırmaq cəhdidir. Sükan arxasında belə davranışa yol verən şəxs bir anın içində insanın həyatına son qoya biləcəyini anlamalıdır.

Vurulan şəxsin sürücünün doğma qardaşı olması bu hərəkətin təhlükəsini azaltmır. Əksinə, insanın öz doğmasının həyatını belə düşünmədən riskə atması məsuliyyətsizliyin hansı həddə çatdığını göstərir. Qohumluq münasibəti yol hərəkəti qaydalarını pozmağa və insan həyatını təhlükəyə atmağa haqq vermir.

Avtomobil əyləncə aləti, insan həyatı isə zarafat mövzusu deyil. Belə bir hərəkət ölüm və ya ömürlük əlilliklə nəticələnsəydi, “zarafat edirdik” demək nə itirilən həyatı qaytara, nə də yaşanan faciəni aradan qaldıra bilərdi.

Hər bir sürücü idarə etdiyi nəqliyyat vasitəsinin yaratdığı təhlükəni dərk etməli və davranışına görə məsuliyyət daşımalıdır. İnsan həyatını bilərəkdən təhlükəyə atan hərəkətə “zarafat” adı vermək həmin əməlin ağırlığını azaltmır”.