Hafiz Babalı işində yeni detallar

hafiz-babali-isinde-yeni-detallar
Oxunma sayı: 4713

Azərbaycanda fəaliyyət göstərən bir sıra media və QHT-lərin xaricdən maliyyələşməsi və əks-dövlət fəaliyyəti ilə bağlı ortaya çıxan faktlar bu prosesin nə qədər dərin və əhatəli olduğu barədə deyilənləri təsdiqləyir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, illər ərzində milyonlarla vəsait Azərbaycanda xaricdən idarə olunan və dövlətə qarşı təhdid kimi istifadə edilən şəbəkənin formalaşmasına, sadə vətəndaşlardan tutmuş vətəndaş cəmiyyəti institutlarına və dövlət orqanlarına qədər kök atmasına sərf olunub. Bu prosesin təşkilatçıları qanunları kobud şəkildə pozmaq, beynəlxalq qanunvericiliyin yaratdığı imkanlardan sui-istifadə etməkdən belə çəkinməyiblər. Müxtəlif ölkələrdə nağdlaşdırılan vəsaitlər kuryerlər vasitəsilə qeyri-qanuni olaraq Azərbaycana keçirilib, adsız kartlardan, “xidməti müqavilələrdən” istifadə olunub. İnsanlara demokratiya dərsi keçən,  ədalət, fəaliyyət azadlığı, qanunçuluq tələb edən şəxslər bilavasitə bu prosesdə iştirak ediblər. 

Ortaya çıxan hər yeni fakt yerli və xarici iştirakçıların dairəsini genişləndirir, axıdılan maliyyənin həcmi isə astronomik sürətlə çoxalır. 

Bu günlərdə məlum olub ki, “Abzas Media”nın əməkdaşlarına qarşı açılan cinayət işi çərçivəsində saxlanılmış və dekabrın 24-də Cinayət Məcəlləsinin 206.3.2-ci ( qaçaqmalçılıq) maddəsi ilə ittiham edilərək barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmiş “Turan” İnformasiya Agentliyinin redaktoru Hafiz Babalı uzun illər ərzində qrant layihələri ilə bağlı xarici təşkilatlarla və fondlarla əlaqələr qurub, onların tapşırığına dair araşdırmalar aparıb və məqalələr hazırlayıb.

Bu təşkilatların sayı və miqyası da heyrətamizdir:

- Fritt Ord Foundation (Azad Söz Fondu, Norveç);

- Human Rights Foundation (İnsan Hüquqları Fondu, ABŞ);

- Global İnvestigate Journalism Network – GİJN (Qlobal Araşdırma Jurnalistika Şəbəkəsi, ABŞ);

- Berlin Risk Advisors GmBH və ALL AML GmBH (Maliyyə cinayətlərinin araşıdrılması ilə məşğul olan təşkilatlar, Almaniya);

- OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Mübarizə Layihəsi, ABŞ, Soros Fondu);

- Forbidden Stories (Qadağan Olunmuş Hekayələr, Fransa).

Hafiz Babalının fəaliyyət göstərdiyi layihələrə xaricdəki söyüş müxalifətinin əsas simaları da yaxından cəlb olunub. 

Hesab etmək olar ki, “Abzas Media” ilə bağlı başlanmış istintaq tədbirləri ilə əlaqədar üzə çıxan faktlar da açıqlandıqca, bu miqyas daha da genişlənəcək. Bu baxımdan, hazırda həbsdə olan “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, əməkdaşı Nərgiz Absalamovanın da açıqlamalarının geniş ictimai rezonans doğuracağı şübhəsizdir.