İl sonuna qədər 3 yeni film təqdim olunacaq - Fotolar

il-sonuna-qeder-3-yeni-film-teqdim-olunacaq
Oxunma sayı: 432

“Azərbaycan irsinə səyahət” layihəsi çərçivəsində üç yeni film hazırlanıb və bu ilin sonuna qədər təqdim olunacaq.

“Qafqazinfo” xəbər verir ki, layihə çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” sənədli filmi, “İşquz dövləti” bədii-sənədli filmi və “Memar Əcəmi: Daşlara yazılan tale” bədii filmi ərsəyə gətirilib.

Filmlər Azərbaycanın qədim tarixinə, arxeoloji irsinə və görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına həsr olunub.

Layihənin məqsədləri, filmlərin məzmunu və çəkiliş prosesi barədə Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin baş direktoru Rəşad Əzizov media nümayəndələrinə məlumat verib.

Rəşad Əzizov çıxışı zamanı layihənin yaranma məqsədi və həyata keçirilmə mexanizmləri barədə danışıb.

“Ölkəmizdə özəl sektorun daha fəal olmasını hədəfləyirik. Son illərdə digər sahələrdə olduğu kimi, Azərbaycan film sənayesində də özəl sektorun rolunun artmasını istəyirik. Hazırda bu üç film fərqli şirkətlər tərəfindən istehsal olunub. Dövlət burada daha çox sifarişçi qismində çıxış edir. Anladıq ki, bu cür layihələr üçün vahid platforma və çərçivə olmalıdır. İstehsal, təbliğat və sonrakı distribusiya proseslərini vahid yanaşma ilə idarə etməliyik. Məhz mədəniyyət nazirinin təşəbbüsü ilə “Azərbaycan irsinə səyahət” layihəsi ortaya çıxdı. Bu layihə çərçivəsində mövzuların seçilməsi, icraçı şirkətlərin müsabiqə yolu ilə müəyyənləşdirilməsi və istehsal prosesinə nəzarətin vahid sistem əsasında həyata keçirilməsi hədəflənir”, – deyə o bildirib.

“İşquz dövləti” filminin prodüseri Azər Aydəmir çıxışında layihənin gələcəkdə digər tarixi dövrləri də əhatə edəcəyini bildirib.

“Jurnalistlər vasitəsilə çatdırmaq istəyirəm ki, “Azərbaycan irsinə səyahət” layihəsi yeni başlanğıcdır. Söhbət yalnız Azıx mağarası və digər iki filmdən getmir.

Gələcəkdə başqa tarixi dövrlərə və mövzulara da müraciət olunacaq, film istehsalı davam etdiriləcək. Komandamız və tarixçilərimiz üçün ən maraqlı dövrlərdən biri ilk dövrlərdir. Hər şeyin necə başladığını, bu coğrafiyanın haradan gəldiyini araşdırmaq istəyirik. Layihə üzərində müzakirələr zamanı filmin şüarını da düşünürdük. Akademiklərimizdən biri çox maraqlı fikir irəli sürdü: “Mən kiməm, haradan gəlmişəm?” Düşünürəm ki, bu sual layihənin mahiyyətini ifadə edir. Tarix kitablarında yazılanlar dəyişməz həqiqət deyil. Zaman keçdikcə, arxeoloji qazıntılar davam etdikcə yeni faktlar üzə çıxır. Məktəb və universitet dərsliklərində Manna, Midiya, Aşşur və İşquz dövlətləri haqqında qısa məlumat verilir. Bu baxımdan həmin tarixi dövrlərə həsr olunan filmlərin çəkilməsi vacibdir”.

Görüşdə “Azıx mağarası: Azərbaycanın beşiyi” sənədli filminin rejissoru Atakan Kərküklü də çıxış edib.

O, filmin ərsəyə gəlməsi prosesindən, Azıx mağarasının tarixi əhəmiyyətindən və beynəlxalq elmi əməkdaşlıqdan danışıb.

“Azıx mağarası haqqında film çəkmək və bu barədə danışmaq mənim üçün çox dəyərlidir. Azıx mağarası haqqında kifayət qədər məlumatımız yox idi. Çünki həmin ərazi işğal altında idi. 1960-cı illərdə Məmmədəli Hüseynovun rəhbərliyi ilə başlanmış mühüm arxeoloji tədqiqatlar təəssüf ki, 30 ildən artıq fasiləyə uğramışdı. Bizim məqsədimiz bu elmi araşdırmaları dünyaya çatdırmaq, azərbaycanlı alimlərin Avropadan olan mütəxəssislərlə birgə apardıqları tədqiqatları beynəlxalq auditoriyaya təqdim etmək idi”, – rejissor bildirib.

Atakan Kərküklü filmin əsas məqsədinin Qafqazda ilk insanların həyatını, gündəlik məişətini və qoyduqları izləri araşdırmaq olduğunu vurğulayıb.

O, çəkilişlər zamanı 500 min il yaşı olan insan çənə sümüyünü əllərində tutmağın onun üçün xüsusi təcrübə olduğunu qeyd edib.

Rejissorun sözlərinə görə, sənədli filmin çəkilişləri Azərbaycan, Almaniya, Kanada, İngiltərə və Türkiyədə aparılıb. Komanda Azıx mağarasında 30 gün yaşayıb, həmçinin müxtəlif ölkələrdə paleolit dövrü üzrə tanınmış alimlərlə müsahibələr təşkil edib. “Memar Əcəmi: Daşlara yazılan tale” filminin rejissoru Elxan Cəfərov isə çıxışında tarixi mövzuların kino vasitəsilə təqdim edilməsinin əhəmiyyətindən danışıb.

O bildirib ki, kino tarixi məlumatları tamaşaçıya daha vizual və emosional formada çatdırmaq imkanına malikdir.

“Kino bütün bu məlumatları daha vizual formada, emosional baxımdan tamaşaçıya yaxınlaşdırmaq vasitəsidir. Emosional yaddaş daha uzunmüddətli olur. Sadəcə kitabdan oxunan faktla vizual və emosional təsir yaradan görüntü arasında fərq var. Görüntü insanın şüuraltı yaddaşına həkk olunur və bu da məlumatın nəsildən-nəslə ötürülməsi istəyini gücləndirir. Memar Əcəminin şəxsiyyətinə və həyatına gəlincə, Azərbaycan müstəqillik qazandıqdan sonra onun haqqında tarixi məlumatların kifayət qədər az olduğunu gördük. Xüsusilə şəxsi həyatı barədə demək olar ki, məlumat yoxdur. Onun bizə gəlib çatan irsi də çox məhduddur. Əsasən Naxçıvandakı türbəsi və tarixi abidələrlə bağlı bəzi fraqmentlər qorunub saxlanılıb. Bu layihə təkcə bizim istəyimiz deyil, həm də dövlətin təşəbbüsüdür. Məqsəd tarixi şəxsiyyətlərimizi və onların irsini daha geniş auditoriyaya təqdim etməkdir”, – rejissor qeyd edib. Görüşün sonunda media nümayəndələrinin sualları cavablandırılıb.

Lamiyə Məmmədova