Hakan Fidan Kipr məsələsindən danışdı - “Ən real həll yolu...”

hakan-fidan-kipr-meselesinden-danisdi
Oxunma sayı: 336

Türkiyənin xarici işlər naziri Hakan Fidan Kipr məsələsinin ən real həll yolunun adada iki dövlətin yanaşı mövcud olmasından keçdiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, nazir bu barədə Şimali Kipr Türk Respublikasına (ŞKTR) işgüzar səfərinin yekunlarına dair sosial şəbəkə hesabında paylaşım edib.

H. Fidan səfər çərçivəsində ŞKTR Prezidenti Tufan Erhürman, Baş nazir Ünal Üstel və xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşdüyünü bildirib. Görüşlərdə ikitərəfli münasibətlər və Kipr məsələsi ətrafında son hadisələr müzakirə olunub.

O, Türkiyənin Kipr türklərinin təhlükəsizliyini, inkişafını və rifahını daim prioritet hesab etdiyini vurğulayıb:

“Ana vətən və qarant dövlət olaraq kiprli türk qardaşlarımızın öz gələcəklərini azad, təhlükəsiz və firavan şəkildə qurmalarına dəstəyimizi davam etdiririk. Kipr məsələsində ən real həll yolunun adadakı iki dövlətin yanaşı mövcud olmasından keçdiyinə inanırıq”.

XİN rəhbəri qeyd edib ki, Kipr türklərinin suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun tanınması ədalətli və davamlı həll üçün əsas şərtdir:

“Beynəlxalq ictimaiyyəti Kipr türklərinin gözləntilərini və adadakı mövcud reallıqları nəzərə almağa çağırıram. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında səsləndirdiyi mövqeyə uyğun olaraq, Ankara Kipr türklərinin hüquq və maraqlarını bütün platformalarda müdafiə etməyə, ŞKTR ilə həmrəyliyini gücləndirməyə davam edəcək”.