“HƏMAS-ın silahsızlaşdırılmasına dair razılaşma əldə edildi”

hemas-in-silahsizlasdirilmasina-dair-razilasma-elde-edildi
Oxunma sayı: 177

“HƏMAS və digər silahlı qrupların tamamilə silahsızlaşdırılması üçün tarixi razılaşma əldə edildi”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Trampın sözlərinə görə, Sülh Şurası Qəzzada HƏMAS və digər silahlı qrupların tamamilə silahsızlaşdırılması istiqamətində razılığa gəlib.

ABŞ lideri razılaşmanı Qəzzada davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində “monumental addım” adlandırıb.

Prezident bildirib ki, razılaşma Qəzzanın gələcəkdə Fələstin xalqına xidmət edəcək yeni Fələstin hökuməti tərəfindən idarə olunması istiqamətində mühüm mərhələdir.

Onun sözlərinə görə, yeni Fələstin hökuməti Qəzzanın yenidən qurulması və idarə olunması prosesində Sülh Şurası ilə sıx əməkdaşlıq edəcək.

ABŞ Prezidenti, eyni zamanda, İsrailin təhlükəsizliyinin təmin olunacağını və Qəzzanın gələcəkdə terror hücumları üçün baza kimi istifadə edilməsinə imkan verilməyəcəyini vurğulayıb.

Tramp razılaşmanın mərhələli şəkildə həyata keçiriləcəyini bildirib.

Onun açıqlamasına görə, Qəzzanın silahsızlaşdırılması prosesi başa çatdıqca İsrail qüvvələri bölgədən geri çəkiləcək. Daha sonra Beynəlxalq Sabitləşdirmə Qüvvələri Qəzzada təhlükəsizliyin təmin edilməsində yeni Fələstin polis qüvvəsi ilə əməkdaşlıq edəcək.

Tramp bildirib ki, məqsəd Qəzzanın həm sakinləri, həm də qonşuları üçün təhlükəsiz əraziyə çevrilməsidir.

ABŞ lideri Qəzzada əvvəlki vəziyyəti də xatırladaraq, bir il əvvəl bölgədə ağır müharibə, humanitar böhran və girovların saxlanılması ilə bağlı ciddi problemlərin olduğunu qeyd edib.

“Biz tarixi irəliləyiş əldə etmişik və hələ görüləsi çox iş var”, – deyə Tramp bildirib.

O, razılaşmanın ABŞ-nin daha əvvəl təqdim etdiyi 20 maddəlik planın həyata keçirilməsində əsas mərhələ olduğunu vurğulayıb.

ABŞ Prezidenti prosesdə vasitəçilik edən Misir, Qətər və Türkiyəyə təşəkkür edib.

Tramp həmçinin bu tarixi irəliləyişin əldə olunmasında öz komandasının “yorulmaz işi”ni xüsusi qeyd edib.

O, 7 oktyabr hücumlarından sonra Qəzzadan yaranan təhlükənin yenidən formalaşmasına imkan verilməyəcəyini bildirib.

“Bu razılaşmaya əsasən, Qəzza nəhayət öz xalqına xidmət edən yeni Fələstin hökumətinin əlində olacaq”, – deyə Tramp yazıb.

ABŞ Prezidenti paylaşımının sonunda əldə olunan inkişafı “heyrətamiz” adlandıraraq, daha əvvəl bunun heç vaxt mümkün olmayacağını deyənlərə mesaj göndərib.