“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri tam yekunlaşdırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Metropolitenin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev məlumat verib.
O bildirib ki, dalan yolunun təkrar istismara verilməsi ilə yaxın günlərdə “Həzi Aslanov–Əhmədli” mənzilində məkik hərəkət ləğv olunacaq. “İçərişəhər–Həzi Aslanov” sahəsində qatarların hərəkəti təmirdən əvvəlki qaydada bərpa ediləcək. Beləliklə, Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyə təşkil edəcək. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
“1981–1987-ci illərdə inşası aparılan yol dalanının konstruksiya izolyasiyası 20 ildən artıq istismar dövründə qrunt suları və torpaq erroziyası səbəbindən sıradan çıxmış, güclü korroziyaya uğramışdı. Aparılan kompleks yenidənqurma çərçivəsində tavan istisna olmaqla, ümumi uzunluğu 1 km-ə yaxın olan dalanın bütün infrastrukturu tam sökülərək yenidən inşa edilib. 6 vaqonlu qatarların qəbulunu təmin etmək üçün hər yol 20 metr uzadılıb.
Eyni zamanda rabitə, elektrik təchizatı, fiber-optik kabellər, yanğın mühafizəsi, videomüşahidə, sanitariya, su-kanalizasiya və havalandırma sistemləri tam yenilənib”, - o əlavə edib.
Qeyd edək ki, “Həzi Aslanov” stansiyasının dalanında dayanıqlılığın artırılması layihəsi 2025–2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilib.
Fidan Etibar
Son xəbərlər
Son Xəbərlər