Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi

hirkan-meseleri-unesco-nun-umumdunya-irs-siyahisina-daxil-edildi
Oxunma sayı: 3261

Azərbaycanın Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib və Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Azərbaycanın ilk təbiət ərazisidir.

“Qafqazinfo” xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

O qeyd edib ki, relikt növlərlə zəngin olan və çox maraqlı landşafta malik Hirkan meşələrinin xüsusiyyətləri nəzərə alınaraq, bu unikal ərazinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi təklif olunub, bu məqsədlə Hirkan Milli Parkının daxilində transmilli “Hirkan meşələri” nominasiyası hazırlanıb və 2022-ci ilin sonunda UNESCO-nun Ümumdünya İrs Komitəsinə təqdim edilib.

“Azərbaycanın Hirkan meşələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə qərar, hazırda UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində davam edən 45-ci sessiyasında qəbul olunub”. 

Hirkan meşələri Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə edən unikal meşə massividir və planetimizdə öz unikallığını qoruyub saxlayan nadir ekosistemlərdən biridir, deyə xidmət rəsmisi vurğulayıb:

"Belə bir təbiət abidəsinin qorunub, mühafizə olunması dövlətimizin uzunmüddətli xətt üzrə inkişaf edən ekoloji siyasətinin uğurlu davamıdır və Azərbaycanın Hirkan meşələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi, xüsusilə ölkə başçısı cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə diqqətinin təzahürüdür. Respublikamızın zəngin təbiətinin qorunması işində və gələcək nəsillərə çatdırılması istiqamətində beynəlxalq səviyyədə qazanılan bu böyük uğura görə, hər kəsi  təbrik edirik".