“Hökumət altı metrlik divar tikir” - Müsahibə

hokumet-alti-metrlik-divar-tikir-musahibe
Oxunma sayı: 674

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, “Turan” İnformasiya Agentliyinin redaktoru İlham Şabanın “Qafqazinfo”ya müsahibəsi:


- İlham bəy, artıq bir müddətdir ki, mətbuatda Gürcüstanın baş naziri İvanaşvilinin ölkədə elektrik enerjisi və qaz tariflərinin aşağı salınacağı ilə bağlı fikirlərinə yer verilir. O, son açıqlamasında bu barədə konkret söhbət danışıqlar getmədiyini bildirsə də, hökumətin yenə də tarifləri azaltmağa cəhd edəcəyini deyib. Bu nə dərəcədə realdır sizcə?

- Əgər bu məsələyə qlobal yanaşsaq, heç bir böyük bir problemlə üzləşməməliyik. Çünki Gürcüstanda hansı yönümlü hökumətin formalaşmasından, onların hansı siyasi orientasiyaya qulluq etməsindən asılı olmayaraq, onlar başa düşürlər ki, Gürcüstanın enerji təhlükəsizliyində və iqtisadiyyatında müstəsna əhəmiyyətə malik olan bir şirkətlə normal əməkdaşlıq etməlidirlər. İkincisi hakimiyyətə gələn qüvvələr hökuməti dəyişiblər. Siyasi hakimiyyətin başında Saakaşvili durur. Nəzərə alaq ki, hökumətə gələn qüvvələr böyük səs çoxluğu ilə deyil, 55 faizlə qalib gəliblər. Onlara lazımdır ki, özlərini göstərsinlər.

Saakaşvilini gözümüzün qarşısına gətirək. O, hakimiyyətə gələndə nə etdi? Demokratiya, azadlıq, insan haqlarına hörmət, korrupsiyanın kökünü kəsmək və verdiyi bu kimi bütün vədlər cəlbedici idi. Bunlar həqiqətən böyük kütlə üçün maraq doğuran şüarlar idi. Seçiciləri bunun arxasınca apara bildi, onları inandıra bildi. İndi bu qüvvələrə baxaq. Bu qüvvələr də deyir ki, biz qərb yolu, demokratiya, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmaq və bazar iqtisaddiyatı istəyirik. Bəs yenilənən nə oldu? Bunu Saakaşvili də edib. O gəlib deyə bilməz ki, gəlin rüşvəti yenidən canlandıraq. Seçicilərə nə isə vermək lazımdı. Qarşıdan isə dekabr gəlir. Gürcüstanın qışı Azərbaycanın qışı kimi deyil. O sərt iqlim şəraitində yerləşir. Bu hökumət nə isə etməlidir ki, böyük kütləni əhatə etsin və tez bir zamanda sirayət etsin. Bunun ən asan yolu üç şeydir. Qaz, elektrik enerjisi və avtomobil yanacağının qiymətinin aşağı salınması. Əgər hökumət buna nail olsa, onun seçicilər arasında reytinqi qat-qat yüksələcək.

- Bəs İvanaşvilinin bu vədləri sadəcə pafos idi, yoxsa hədəflənmişdi?

- Bu artıq hədəflənib. Çünki bunlar oktyabrın 1-də qalib gələndən sonra bütün görüşlərində bu fikirlər şüar kimi səsləndirilir və bildirirlər ki, şirkətlər bizim bazarda çoxlu pul qazanırlar, qoyduqları investisiyaları tez bir zamanda çıxarmağa çalışırlar, bizim istehlakçılar bu qiymətlərlə bunu necə ödəsinlər? Hətta İvanaşvili çox populist bir çıxış edərək söyləmişdi ki, Gürcüstan inkişaf etməkdə olan ölkədir. Vətəndaşlar inkişaf etmiş ölkələr səviyyəsində olan tarifləri necə ödəsinlər. Sual olunur, bəs Gürcüstan, heç bir enerji resurslarına malik olmayan bir ölkə, həmin ölkələrlə eyni normativlərlə necə özünə rəva bilər həmin resurslardan istifadə etsin. Söhbət ondan gedir ki, sən yorğanına görə ayağını uzatmalısan. Əgər inkişaf etmiş öklənin vətəndaşı gündə on litr avtomobil benzini istifadə edirsə, sən Gürcüstan vətəndaşı iki litr istifadə etməlisən. Yaxud elə etməlisən ki, daha qənaətcil rejimdə onu istifadə edəsən. Bunun nəticəsinə iqtisadiyyatını elə bir səviyyədə çatdırmalısan ki, o pulu ödəyə biləsən. Hindistan dünyada inkişaf etməkdə olan bir ölkədir. Heç kim demir ki, bu gün Hindistanda üç milyon insanın elektrik enerjisi yoxdur. Ancaq yerdə qalan digər əhalisi elektrik enerjisinə görə pul ödəyirlər. Gürcüstanda isə “pulum yoxdu ödəmirəm” deyirlər. Bu, onlarda normal bir haldır. İş yerləri yaratmaq lazımdır ki, o insanlar işləsinlər. Onlara demək lazım deyil ki, Avropadan avtomobil gətir, onu azərbaycanlıya yaxud erməniyə sat və min manat gəlir əldə et, xərclə. Bunun özü çıxış yolu deyil. Çünki əvvəl-axır bitəcək.

- Bəs sizcə aparılan bu ikitərəfli danışıqlar öz bəhrəsini verəcək? Yaxud SOCAR belə bir güzəştə gedə bilər?

- Bu məsələni həll etmək olar. Çünki bir-iki tetri qiyməti salmaqla hökumətlə razılığa gəlmək və qış vaxtı seçicilərin rəğbətini qazanmaq olar. Lakin bunu daimi etmək olmaz. Çünki o bazar xarici enerji resurslarına bağlıdır. Çoxları elə bilir ki, Gürcüstanda avtomobil bazarında SOCAR Petroleum monopolistdir, lakin bu belə deyil. SOCAR orada bazarın cəmi 30 faizinə nəzarət edir.

Dövlət Neft Şirkəti neft məhsullarının ixracı ilə bağlı oktyabra aid hesabatını açıqladı. Artıq oktyabr ayında biz avtomobil yanacağı deyil, dizel yanacağı ixrac etmişik. Ola bilər ki, bizim neftayırma zavodlarındakı qurğuların təmiri ilə bağlıdır. Bizim daxili bazarda avtomobil yanacağına olan tələbatmız get- gedə artır. Çünki Azərbaycanda avtomobillərin sayı sürətlə artır. Azərbaycanda digər ölkələrlə müqayisədə dizel avtomobilləri populyar deyil. Gürcüstanda qiymətlər digər şirkətlərin satdığı və idxal edilən yanacaq vergilərə uyğun olaraq formalaşdırılır. Təsəvvür edin ki, İvanaşvili SOCAR-a bildirir ki, siz qiyməti Azərbaycandakından iki dəfə baha satırsınız. İki dəfə yüz faiz gəlir deməkdir. Və xahiş edir ki, tutaq ki, siz Gürcüstan bazarında bunu bir manat iyirmi qəpikdən yox, səksən qəpikdən satın. SOCAR Petroleum də deyir baş üstə və sabahdan bütün qiyməti edir 80 qəpikdən. Gürcüstanda nə baş verir? Bütün istehlakçılar yüz məntəqənin qarşısında kilometrlərlə növbəyə dururlar. Gürcüstan ancaq SOCAR-dan ibarət deyil axı. O biri şirkətlər isə bankrot olurlar. Bir müddət keçəndən sonra isə avtomobil benzini yaxud dizel bitir və bununla da enerji böhranı yaranır. Enerji böhranından sonra qiymətlər qalxır və İvanişvili hökuməti ümumxalq etirazı ilə üz-üzə qalır.

Söhbətin canı ondadır ki, bu fikri ortaya atanlar ümumi qiymət formalaşması mexanizmini başa düşmürlər. Başqa bir məqama toxunmaq istəyirəm. Azərbaycan Gürcüstana ildə 1 milyard kub metrə yaxıb sosial qaz satır. Sosial qaz kommersiya qazından fərqli olaraq hökumətlərarası sazişə uyğun olaraq ucuz qiymətə satılan qazdır. Mən inanmıram ki, hökumət başçısı olan, hakimiyyətə gələn bir adamın bundan xəbəri olmasın. İkincisi Azərbaycanda qazın maya dəyəri 35 manatdır. Biz istehlakçıyıq və min kub metrinə 100 manat ödəyirik. Sual olunur İvanaşviliyə, 120 dollardan qazı alırsınız. Sənin əhalin məgər ona 360 dollar ödəyir? Rusiya kimi ölkədə qazın maya dəyəri 30 dollar ətrafındadır. Əhali 90 dollar pul ödəyir. Yəni paylayıcı şəbəkənin xərci çox böyükdür. Belə olan halda bir adamın populist çıxışlar etməsi başa düşülən deyil.

- İvanaşvilinin belə bir bəyanat verməsi Rusiya ilə bu sahədə hər hansı əməkdaşlığa ümid etməsi kimi dəyərləndirilə bilər?

- Mətbuatda belə bir xəbər gedib ki, İvanaşvilinin 2006-cı ilə kimi “Qazprom”un səhmlərinin sahibi olub və Azərbaycanla əlaqələri kəsib Qazpromdan qaz almaq istəyir. Bir məsələ var, Qazprom yanvarın 1-dən Ermənistanda qazın qiymətini 320 dollara qaldırmaq istəyir. Ermənistanla Rusiya strateji müttəfiq ölkələrdir. Gürcüstanla isə heç diplomatik əlaqələri yoxdur. Onda Gürcüstana neçəyə satacaq 350 yoxsa 400-ə? Bəs daxili bazarın qiyməti neçəyə qalxacaq 500-ə?

- Bəs SOCAR-ın Gürcüstanı tərk etmə ehtimalı nə qədər yüksəkdir?

- SOCAR-ın Gürcüstanı tərk etməsinə inanmıram. Üç il dalbadal 2009, 2010, 2011-ci illərdə “SOCAR Energy Georgia” şirkəti Gürcüstanın bir nömrəli vergi ödəyicisidir. Sən özünün bir nömrəli vergi ödəyicisini ölkəndən çıxardırsan. Bəs sənin büdcənə kim pul verəcək?

Gürcüstanda iqtisadiyyat artıq unudulub. Düşünürəm ki, belə getsə yaxın 6 ayda ölkədə iqtisadiyyatla heç kim məşğul olmayacaq. Canlı yayımda ancaq kimi tutdular, kimdən şok açıqlama tipli xəbərlər gedəcək. Bu qış vaxtı əhalinin qarnını yox, ancaq beynini doyuzdurmaqla məşğul olacaqlar. Başqa bir şeyləri yoxdur çünki.

- Bir məsələyə də toxunmaq istəyirəm. Prezident İlham Əliyev Bakıda XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransında çıxış edərək bildirmişdi ki, valyuta ehtiyatlarımız artır. Qeyri-neft sektorunda isə bu ilin ilk üç ayında 16 % artım var. Bu nə dərəcədə real statistikadır?

- İş ondadır ki, bizim ildən ilə büdcəmizin neftdən asılılığı artır. Bu il 75 faiz idisə, gələn il Azərbaycanda neftdən, neft fondundan asılılıq bir neçə faiz də artacaq.

- Bəs bu asılılıq nə ilə bağlıdır?

- Bu onun göstəricisidir ki, PR olaraq qeyri-neft sektorunda görüləcək işlərə hökumət başqa yerdən vəsait axtarıb tapmaqda çətinlik çəkir. Yeganə ümid, əlçatan yer neft fondudur. Neft fondunun vəsaitlərinin xərclənməsi ildən ilə artır. Tarixdə ilk dəfə olaraq Neft Fondunun büdcəsi 1,7 milyard manat defisitlə olacaq. Yəni xərcləri gəlirlərini üstələyəcək.

Neft vəsaitinin qeyri-neft sektoruna qoyulan pullar ki var onun kommersiya yönümü yoxdur. Neft fondundan xərcləmələr 2003 –cü ildən gedir. İndiyədək neft fondunun yarıdan çoxsu xərclənib artıq. Xərclənən layihələrin gətirdiyi yeganə xeyir Bakı-Tbilisi-Ceyhan layihəsidir. Normal divident gətirdi. Amma bu da neft layihəsidir. Qeyri-neft sektoruna qoyulan vəsaitin isə kommersiyası yoxdur. Samur-Abşeron kanalı, Oğuz-Qəbələ, yollar... Söhbət kommersiya layihələrinə diqqətsizlikdən gedir. Əgər bu layihələr maliyyələşdirilirsə digər layihələr də maliyyələşdirilməliydi ki, oradan vəsait qayıdardı.

Hökumət ancaq Bakıdan Ələtə qədər altı metrlik divarlar tikir. Bunlar da lazımdır, amma real kommersiya layihəsi görmürəm. Siz elə bilməyin ki, Norveçin neft fondunun 50 yaşı var. Norveçin Neft fondu 1990-cı ildə yaranıb, bizdə isə 1999-da. Aralarında cəmi 9 yaş fərq var. Amma onlar 2 milyon şirkətin aksiyasına sahibdirlər. 2008-ci ilin yekunu olaraq 90 milyard vəsait itirdilər, amma aksiyaların qalxmasından 2010-da 150 milyard qazandılar. Bizdə isə 10 ildən artıqdır ki, klassik bir üsul tutulub: Heç nə etməmək, ancaq qorumaq və xərcləmək. Bu ildən biz Neft Fondundan qızıl almağa başladıq, amam təsəvvür edin ki, biz bunu 10 il əvvəl etsəydik bəlkə də 50 dəfə ucuz başa gələrdi.

- 2013-cü ilin dövlət büdcə büdcəsində neftin 1 barelin qiyməti 100 dollar göstərilib. Sizcə səksən dollardan götürülən büdcənin 100 dollardan hesablanması nə dərəcədə düzgün idi?

- Hesab edirəm ki, bu çox riskli bir addımdır. Dünən Avropa Komissiyasının Avropada 2012-2013 ci il üçün yeniləniş proqnozu açıqlandı. Bunu iqtisadçılar dünya üçün şok bir anons kimi qəbul etdilər. Bu ondan ibarətdir ki, Avropa enerji resurslarının istehlakı üzrə çox böyük bir bazardır. Bu bazarda iqtisadiyyatın çökməsi ilə təbii ki, enerjiyə olan tələbat azalacaq. Bu isə qiymətin aşağı düşməsi deməkdir. Qiymətin aşağı düşməsi də Azərbaycan büdcəsinə gələn gəlirlərin azalması deməkdir. Bəli Azərbaycanda bir problem yaşanmaz. Yenidən büdcəyə baxıb neft fondundan transferləri artırmaq olar. Baxın, 100 dollardan neft fondunun büdcəsi hesablanıb və orada kəsir 2 milyard dollardan artıqdır. Bu aşağı olarsa bir ilin içərisində neft fondundan nə qədər vəsait xərclənəcək. Məsələ bundadır ki, mütəhərrik qərarlar vermək və nəticə çıxarmaq bizim ölkədə hələ qəbul olunmayıb.



Səidə