ABŞ hərbçiləri Hörmüz boğazının cənub hissəsindən hər gün milyonlarla barel neftin daşınması üçün gizli şəkildə təhlükəsiz gəmiçilik dəhlizi təşkil ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” nəşri iki amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, artıq bir neçə həftədir uğurla davam edən əməliyyat çərçivəsində Hər gecə Oman sahili boyu boğazdan 15-20 tanker keçir. Mənbələrin bildirdiyinə görə, gün ərzində boğazdan təxminən 10 milyon barel neft – müharibədən əvvəlki həcmin yarısı çıxarılaraq dünya enerji bazarına daxil olur.
Məqalədə qeyd olunur ki, ABŞ-nin rəhbərlik etdiyi bu əməliyyat müharibənin ən ağrılı nəticələrindən birini – neft tədarükündəki kəsilmələri və xammal qiymətlərinin kəskin bahalaşmasını yüngülləşdirir. Çıxarılan neftin həcmi hələ də müharibədən əvvəlki səviyyədən aşağı olsa da, rəsmilər bunun artıq qlobal tədarükə hiss olunacaq dərəcədə müsbət təsir etdiyini bildirirlər.
Bu səylər yalnız dolu neft tankerlərinin müşayiəti ilə məhdudlaşmır. ABŞ hərbçiləri boş tankerlərin Ərəbistan dənizindən boğaz vasitəsilə Fars körfəzinə daxil olmasına, BƏƏ, Bəhreyn və Küveytdən neft götürərək geri qayıtmasına kömək edirlər.
“Biz artıq iki aydır ki, Hörmüz boğazının cənub dəhlizinə nəzarət edirik. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) müəyyən narahatlıqlar yarada bilər, lakin boğaza nəzarət etmir. Boğaza biz nəzarət edirik”, – deyə vəziyyətlə birbaşa tanış olan amerikalı rəsmilərdən biri bildirib.
Gəmilərin hərəkətinin Fars körfəzi dövlətləri ilə koordinasiya edildiyi, ABŞ qırıcılarının isə tankerləri İran PUA-ları və qanadlı raketlərindən qoruduğu vurğulanır. Rəsmilərin sözlərinə görə, əməliyyat ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bu yaxınlarda həyata keçirdiyi iki həftəlik hərbi kampaniya nəticəsində mümkün olub. Bu kampaniya zamanı İranın radar və dəniz müşahidə sistemləri sıradan çıxarılıb.
Son xəbərlər
Son Xəbərlər