ABŞ və İran arasında fevralın 28-dən bəri davam edən hərbi münaqişə fonunda iki ölkənin yüksək rütbəli rəsmiləri arasında ilk birbaşa ünsiyyət baş tutub.
“Qafqazinfo” “Axios”a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff birbaşa əlaqə kanalını bərpa ediblər.
Məlumata görə, Əraqçi Uitkoffa müharibənin dayandırılmasının vacibliyini vurğulayan yazılı mesajlar göndərib. Bu, müharibə başladıqdan bəri tərəflər arasında məlum olan ilk birbaşa təmasdır. Hesabatda qeyd olunur ki, mesajların nə dərəcədə əsaslı və detallı olduğu hələlik tam aydın deyil.
Buna baxmayaraq, ABŞ rəsmilərindən biri portalın sorğusuna cavab olaraq Vaşinqtonun Tehranla rəsmi danışıqlar aparmadığını bildirib. Digər tərəfdən, İran rəsmiləri də açıq şəkildə bəyan ediblər ki, sadəcə müvəqqəti atəşkəsdə maraqlı deyillər və istənilən sülh sazişinin daimiliyinə dair ciddi təminat tələb edirlər.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin “Epik Qəzəb” əməliyyatı çərçivəsində başladığı zərbələrdən sonra tərəflər arasında bütün diplomatik kanallar dondurulmuşdu.
***
İranın XİN rəhbəri Abbas Əraqçi danışıqlarla bağlı yayılan məlumatı təkzib edib.
“Cənab Uitkoffla son əlaqəm onun rəhbərliyinin İrana qarşı növbəti qeyri-qanuni hərbi hücumla diplomatiyanı məhv etmək qərarından əvvəl baş verib.
Bunun əksini iddia edən hər hansı açıqlama yalnız neft treyderlərini və ictimaiyyəti çaşdırmağa yönəlib”, - o qeyd edib.
Son xəbərlər
Son Xəbərlər