İşdən çıxarılan Xalq artisti - Direktoru ittiham edir - Yenilənib

isden-cixarilan-xalq-artisti
Oxunma sayı: 3836

Xalq artisti, opera müğənnisi Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı işindən çıxarıldığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında paylaşım edib. 

O bildirib ki, 12 martda baş tutan son çıxışından sonra teatrın direktoru onunla əmək müqaviləsini uzatmayıb:

“Bakıdakı son çıxışımdan sonra dünyaca məşhur tenorumuz və Opera Teatrının direktoru müqaviləmi yeniləmədən, dünyanın bir çox teatrlarında Azərbaycanı ləyaqətlə təmsil edən aparıcı dramatik baritonunu işdən çıxardı. Təkcə məni yox. İndi top meydançamızdadır. Tamaşaçılara çox maraqlı bir oyun vəd edirəm. Lakin qalib artıq məlumdur və bu, biz olacağıq”. 

Скандал в Опере: уволен ведущий баритон театра

Abdullayev əlavə edib ki, onun işdən çıxarılması üçün heç bir əsas göstərilməyib: “Sadəcə illik müqavilə yenilənmədi. Bundan başqa, digər solistlərə qarşı da təzyiqlər var”.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsini 2023-cü ilin aprel ayından etibarən Yusif Eyvazov icra edir.

***

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrın​dan sorğumuza cavab olaraq bildirilib ki, teatrın solisti, Xalq artisti Əvəz Abdullayev ilə bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından, Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq müqaviləyə xitam verilib:

“Bununla yanaşı diqqətə çatdırırıq ki, adıçəkilən sənətçinin daimi yaşayış yerinin xarici ölkədə olması səbəbindən onun teatrın truppasında davamlı və ştat əsaslı fəaliyyəti mövcud olmamışdır. Beynəlxalq səhnə və teatr təcrübəsinə uyğun olaraq, ştatda təmsil olunmayan solistlərin səhnə fəaliyyətinə cəlb edilməsi əmək müqaviləsi çərçivəsində deyil, müvafiq müqavilələr əsasında həyata keçirilir. Qeyd olunan yanaşma yaradıcı prosesin çevik təşkili, eləcə də peşəkar əməkdaşlıq imkanlarının səmərəli şəkildə təmin olunmasına xidmət edir”.

Lamiyə Məmmədova