Kuryer və restoranlar üçün yeni vergi güzəştləri

kuryer-ve-restoranlar-ucun-yeni-vergi-guzestleri
Oxunma sayı: 60

İctimai iaşə fəaliyyəti göstərən vergi ödəyiciləri üçün yeni güzəşt olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, sonradan dövriyyəsinin 200 000 manatdan yuxarı olması müəyyən edilən ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyicilərinin 10 günlük müddətə görə bu hüquqdan istifadə edə bilməməsi hallarında onların 8 faiz dərəcə üzrə sadələşdirilmiş verginin tədiyyəçisi kimi fəaliyyətinə şərait yaradılması, ikili fəaliyyət zamanı gəlir və xərclərin ayrılıqda uçotu aparıldığı təqdirdə sadələşdirilmiş vergi ödəyicisi hüququnun saxlanılması təklif olunur.

Vergi Məcəlləsinə edilən digər dəyişikliklə kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur.

2027-ci ilin büdcə zərfinə daxil edilən sənədə əsasən, sabit model vergi orqanları üçün nəzarət və inzibatçılığı asanlaşdırır, əməliyyatların rəsmiləşdirilməsini təşviq edir və sektor üzrə dövriyyənin daha şəffaf uçotuna imkan yaradır. Nəticədə, qeyri-rəsmi fəaliyyət göstərən kuryerlərin rəsmi fəaliyyətə keçidi təşviq olunur və sahibkarlar üçün əməliyyat xərcləri azalır.

Hazırda sifarişlərin kuryerlər tərəfindən çatdırılması avtomobil, motosiklet, velosiped və skuter olmaqla müxtəlif vasitələrlə həyata keçirilir. Bu şəxslərin vergi orqanlarına hesabat təqdim etmək və gəlir-xərc uçotu aparmaq kimi vərdişləri demək olar ki, yoxdur və bir çox hallarda mövcud inzibati yük onları qeyri-rəsmi fəaliyyətə sövq edir.