26 avqust – Laçın Şəhəri Günüdür. Bu il artıq dördüncü dəfədir ki, təntənə ilə qeyd olunur.
“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə Mədəniyyət Nazirliyi və Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə şəhərdə silsilə tədbirlər keçiriləcək.
Laçın Şəhəri Günü çərçivəsində ilk olaraq “Arts Council Azerbaijan” incəsənət platforması tərəfindən “İkinci həyat” adlı sərgi açılıb. Sərginin əsas konsepsiyası köhnə, zədələnmiş və istifadəyə yarasız xalçaların, xüsusilə də Qarabağ xalçalarının rəngkarlıq vasitəsilə yeni sənət əsərlərinə çevrilməsi təşəbbüsündən ibarətdir.
Peşəkar rəssamlar tərəfindən xalçalar üzərində yaradılan bu əsərlər toxuculuq sənətini müasir bədii baxışla özündə birləşdirir. Yaradılan sənət nümunələri Qarabağ, folklor, musiqi, analıq, eləcə də miqrasiya kimi mövzuları əhatə edir. Layihənin əsas hədəfləri mədəni irsimizin canlandırılması, Azərbaycan təsviri sənətinin təbliği və ictimaiyyətdə ekoloji məlumatlılığın artırılmasıdır.
Nümayiş olunan əsərlər ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Məlumat üçün bildirək ki, gün ərzində Şəhər Günü münasibətilə Laçının müxtəlif məkanlarında rəsm sərgiləri, uşaqlar üçün tamaşa nümayişləri və digər mədəni proqramlar təşkil olunacaq.
Həmçinin Azərbaycanın tanınmış incəsənət ustalarının və bədii kollektivlərinin iştirakı ilə möhtəşəm konsert keçiriləcək.
Lamiyə Məmmədova













Son xəbərlər
Son Xəbərlər