“Barselona”nın oyununu izləyəndə gözlərim və boynum ağrıyırdı” - Dambrauskas

barselonanin-oyununu-izleyende-gozlerim-ve-boynum-agriyirdi
Oxunma sayı: 294

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Barselona” ilə keçirilən matçdan (1:4) sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” litvalı mütəxəssisin fikirlərini təqdim edir:

– Dünən dediniz ki, “Barselona”nın icazə verdiyi qədər oynayacağıq. Bu gün “Barselona”nın icazə verdiyi oyunu gördük, yoxsa “Sabah”ın qurduğu oyunu?

– Dünən həm də demişdim ki, əlimizdən gələni edəcəyik. Həqiqətən də, bunu etdik. Hətta imkanlarımızdan daha artığını ortaya qoymağa çalışdıq. Amma bəlkə də, bu, kifayət etmədi. İlk hissəyə yaxşı başladıq, boşluqlar buraxmamağa çalışırdıq. Onların necə paslaşdıqlarını, necə sürətli oynadıqlarını gördünüz. Onları izləyəndə gözlərim və boynum ağrıyırdı. Müəyyən müddətdən sonra boşluqların yarandığını, müdafiəyə qayıtmaqda çətinlik çəkdiyimizi anladıq. Xüsusilə birinci hissədə daha yaxşı oynaya bilərdik.

Onu da başa düşürəm ki, futbolçularım yerli liqada vertikal futbol oynayırlar. “Barselona” ilə matçda isə mərkəzdən irəliləmək mümkün deyil. Yerli liqadakı oyun üslubumuz fərqlidir. Bu qarşılaşmada sağ və sol cinahlardan istifadə etmək lazım idi. Bəlkə də, istədiyimiz qədər imkan yarada bilmədik. Standart vəziyyətlər üzərində çalışırıq. Yaxşı imkanlarımız oldu, təəssüf ki, onlardan istifadə edə bilmədik.

İkinci hissədə “Barselona” yenə özünü göstərdi. Onlar qısa müddətdə məğlub vəziyyətdən qalib duruma keçə bilirlər. Bunun baş verməməsinə çalışırdıq. İkinci hissənin əvvəlində 0:3 hesabı ilə geridə idik. Futbolçularıma hörmət edirəm. Onlar mübarizədən əl çəkmədilər, oyun planına sadiq qaldılar. Gözəl imkanlarımız oldu. Maksimumumuzu ortaya qoymağa çalışdıq. Amma bu da kifayət etmədi.

– Xəyal Əliyev haqda nə düşünürsünüz?

– Çox gözəl performans göstərdi, yaxşı oynadı. Onun ikinci hissədə də oynamasını planlaşdırırdıq. Bu gün hər futbolçunun 90 dəqiqə oynamaq imkanı olmaya bilərdi. Çox qaçdıq. Xəyal pressinq etdi, gözəl hücumlar yaratdı. Bir-iki epizodda daha yaxşı oynaya bilərdi, çünki yaxşı imkanları var idi. Gözəl futbolçudur, Azərbaycanın ən yaxşı oyunçularından biridir. Bugünkü çıxışı da fantastik idi. Ciddi zədədən sonra ilk oyununa çıxdı. Mövsümün sonuna qədər daha da yaxşı olacaq.

– Qol epizodları yaratdıqca “Barselona”dan xal almaq düşüncəniz yaranırdı?

– Bəli, biz həmişə şansımızın olduğuna inanırıq. Meydana çıxanda məğlub olmaq ehtimalını da nəzərə alırıq. Əlimizdən gələni etdik. İnanırdıq ki, standart vəziyyətlərdən istifadə edə bilərik. Amma bu oyunda müsbət məqamlar da var ki, onlardan yerli liqada istifadə edə bilərik. Qarşılaşmanı daha ətraflı təhlil edəcəyik.

– Bu matçdan nə qazandınız?

– Çox şey qazandıq. Təbii ki, bunları sadalamaq istəsək, burada səhərə qədər qalmalı olarıq. Hazırlıq, mental amillər... Oyuna yaxşı başlamışdıq, birinci hissədə rəqibə imkan vermədik. Hiss etdik ki, biz də nəsə bacarırıq. Buna təkcə fiziki deyil, mental baxımdan da yanaşmalıyıq. Mental yorğunluğu unutmamalıyıq. Əsas məsələ buna necə reaksiya verəcəyimizdir.

– Hansi Flik həm sizi, həm də komandanızı çox təriflədi. Belə bir məşqçidən tərif eşitmək sizdə hansı təəssüratı yaradır?

– O, çox tərbiyəli, yüksək mənəvi keyfiyyətlərə malik insandır. Sözlərinə görə sağ olsun.

– “Zenit”dən icarəyə götürülən Du Keyruş özünü göstərə bilmir və hər matçda əvəzlənir. Onun ön plana çıxa bilməməsi adaptasiya prosesinin ləng getməsi ilə bağlıdır?

– İstedadlı futbolçudur. Komandaya uyğunlaşmağa çalışır. Onun nə qədər inkişaf etdiyinə baxmaq lazımdır. Bu prosesə uyğunlaşmaq onun üçün asan deyil. Çoxlu futbolçumuz var, rotasiyalar edirik. Keyruş universal oyunçudur. Bizim üçün də vacib futbolçudur. Daha da təkmilləşəcək və komandaya daha tez uyğunlaşacaq.

– Zedadkanın zədəsi nə dərəcədə ciddidir?

Hələ bilmirəm. Həkimlərlə danışmamışam. Ümid edirəm ki, ciddi bir şey yoxdur.