“Mançester Yunayted” və Portuqaliya millisinin əfsanəvi futbolçusu Luiş Nani karyerasını başa vurmaq qərarından daşınaraq yaşıl meydanlara geri dönür.
“Qafqazinfo” xəbər verir ki, 39 yaşlı ulduz vinger Qazaxıstanın “Aktobe” klubu ilə rəsmi müqavilə imzalayıb.
2024-cü ilin dekabrında Portuqaliyanın “Estrela Amadora” klubundan ayrıldıqdan sonra təqaüdə çıxdığını elan edən Nani Qazaxıstan təmsilçisinin iddialı layihəsi üçün butsilərini yenidən geyinmək qərarına gəlib.
Futbolçunun ayda təxminən 70 min dollar (119 min AZN) alacağı bildirilir ki, bu da Qazaxıstan Premyer Liqası tarixində bir futbolçuya ödənilən ən yüksək məvacibdir. Tərəflər 2026-cı ilin sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Xatırladaq ki, Nani karyerası ərzində “Mançester Yunayted”lə 4 dəfə İngiltərə çempionu, 1 dəfə Çempionlar Liqasının qalibi olub. O, Portuqaliya millisinin heyətində çıxdığı 112 oyunda 24 qol vurub. Həmçinin ulduz hücumçu 2016-cı ilin Avropa çempionu titulunu da qazanıb.
Son xəbərlər
Son Xəbərlər