“Məktəb acınacaqlı vəziyyətdədir, uçub-dağılır” - Video

mekteb-acinacaqli-veziyyetdedir-ucub-dagilir
Oxunma sayı: 912

“Ağdam rayonunun Evoğlu kəndində yerləşən Əsgər Əliyev adına tam orta məktəb acınacaqlı vəziyyətdədir. Binanın bəzi hissələri uçub-dağılır. Ən böyük narahatlığımız isə uşaqların hər gün bu binada təhsil almasıdır”. 

Bu şikayətlə “Qafqazinfo”ya kənd sakini Vüsal Zamanzadə müraciət edib.

Vətəndaşın sözlərinə görə, vaxtilə özü bu məktəbdə oxuyub, gələcəkdə isə övladının burada təhlükəsiz şəkildə təhsil almasını istəyir: “Bir zamanlar təhsil aldığım bu məktəb hazırda bərbad və acınacaqlı haldadır. Gələcəkdə övladımı bu məktəbə göndərməyə qorxuram. Lap mənim övladım olmasın, qonşunun övladı olsun, fərqi yoxdur. Burada dərs keçilməsi uşaqlarımız üçün təhlükəlidir.

Bu məktəbin qarşısından birbaşa Qarabağ istiqamətinə keçmək mümkündür. Kəndimiz “Qarabağın qapısı” sayılır. Belə bir ərazidə təhsil ocağına biganə qalmaq düzgün deyil. Bu məktəb axırıncı dəfə 30 il öncə təmir edilib”.

Vüsal Zamanzadə qeyd edib ki, məktəbin vəziyyəti ilə bağlı kəndlilər tərəfindən dövlət qurumlarına dəfələrlə müraciət edilsə də, problem hələ də həllini tapmayıb: “Elm və Təhsil Nazirliyinə, Ağdam Rayon İcra Hakimiyyətinə müraciət etmişik, lakin problem hələ də həll olunmayıb. Məktəbin əsaslı şəkildə təmir olunmasına və ya yeni binanın tikilməsinə ehtiyac var”.

Sözügedən şikayətlə bağlı Qarabağ Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri qurumun əsas prioritetlərindəndir: “Son bir il ərzində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan 30-dan çox məktəbdə cari, 16 məktəbdə isə əsaslı təmir işləri aparılıb və 1 məktəb binası sökülərək yenidən tikilib.

Ağdamın Əsgər Əliyev adına Evoğlu kənd tam orta ümumtəhsil məktəbinin ümumi vəziyyətindən xəbərdarıq. Qeyd edirik ki, adıçəkilən təhsil müəssisəsinin həyətyanı modul tipli məktəbin tiktisinə başlanılıb. Təhsil müəssisəslərinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir”.

Problem barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) ünvanladığımız müraciətə isə belə cavab aldıq: “Ağdam rayonu, Evoğlu kəndində yerləşən Əsgər Əliyev adına tam orta məktəb binasına vizual baxış zamanı daxili və xarici səthlərdə aşınmalar, döşəmələrin yararsız halda olması, əsas yükdaşıyan divarlarda çatlar müşahidə edilib. 

Məlumat üçün qeyd edək ki, hazırda məktəbin ərazisində 90 şagird yerlik modul tipli məktəb binası inşa edilir. Modul tipli məktəb binasının layihəsinə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən müvafiq rəy verilib”.

Fatimə Şahverdiyeva