Alatavada qanunsuz söküntü işləri ilə bağlı saxlanılan “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədovla bağlı məhkəməyə təqdimat daxil olub.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, təqdimata Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə baxılıb.
İstintaq orqanının təqdimatı təmin olunub və Qalib Məmmədov barəsində 1 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. Daha sonra hadisə ilə bağlı “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.
***
Alatavada qanunsuz söküntü işləri ilə bağlı saxlanılan ekskavatorun sürücüsü ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb.
Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin olunub.
Eynullayev Qala Seymur oğlu barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 32.3-cü (Cinayətdə iştirakçılıq, cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratma və ya bunlara rəhbərlik etmə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurlar.