Casusluq qalmaqalı ilə gündəm olan şirkət “qara siyahı”ya salındı

casusluq-qalmaqali-ile-gundem-olan-sirket-qara-siyahiya-salindi
Oxunma sayı: 125

ABŞ Ticarət Nazirliyi “Nvidia” ətrafındakı qalmaqalın mərkəzində dayanan Sinqapurun “Megaspeed” süni intellekt şirkətini ticarət “qara siyahı”sına (“Entity List”) əlavə edəcəyini açıqlayıb.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, Ticarət Nazirliyi “Megaspeed”i təxminən iki ildir ki, araşdırır.

Şirkət qabaqcıl “Nvidia” çiplərinin Çindəki qurumlara ötürülməsinə şərait yaratmaqla ABŞ ixrac məhdudiyyətlərini pozmaqda şübhəli bilinir. ABŞ-nin Çinə bu texnologiyanın satışına 2022-ci ildən bəri qadağa tətbiq etdiyi bildirilir.

Qeyd edək ki, əsas fəaliyyəti məlumat mərkəzləri yaratmaq olan “Megaspeed” son aya qədər ABŞ-də geniş tanınmırdı. Şirkət keçmiş rəhbərlərindən biri Alis Huanqın “Nvidia”nın rəhbəri Censen Huanqla əlaqələrinin üzə çıxmasından sonra diqqət mərkəzinə düşüb. Eyni soyadı daşısalar da, onlar qohum deyillər. ABŞ kəşfiyyatı Alis Huanqın Pekin üçün işlədiyini iddia edir, Çin isə casusluq ittihamlarını rədd edərək bunu “texnologiya blokadası üçün bəhanə” adlandırır.

Baş ofisi Sinqapurda yerləşsə də, “Megaspeed”in Çində böyük biznes maraqları var. Çin nəhəngi “Alibaba”nın şirkətin əsas müştərilərindən biri olduğu qeyd olunur. Şirkət həmçinin törəmə qurumu “Speedmatrix” vasitəsilə milyardlarla dollar dəyərində “Nvidia” çipləri əldə edib. “Speedmatrix” də “qara siyahı”ya daxil edilənlər sırasındadır.