Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov şəhər sakinləri ilə daha bir görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə İH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak edib.
İcra başçısı çıxış edərək Prezident İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlarına uyğun olaraq, əhalini narahat edən problemlərin birbaşa həll edilməsi məqsədilə davamlı olaraq görüşlərin keçirildiyini qeyd edib.
Qəbul zamanı sakinlər tərəfindən çoxmənzilli yaşayış binalarının fasad işıqlanmasının bərpa olunması, binaların qarşısında söhbətgahların quraşdırılması bu və ya digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.
İcra Hakimiyyətinin başçısı qaldırılan məsələlərin bir neçəsinə yerində baxış keçirib, operativ şəkildə araşdırılması və həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsi üçün qeydiyyata götürülüb.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Son xəbərlər
Son Xəbərlər