Nazarbayevin qardaşı oğlu saxlanıldı

nazarbayevin-qardasi-oglu-saxlanildi
Oxunma sayı: 4805

Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin əməkdaşları respublikanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulını mənimsəmədə şübhəli bilinərək saxlayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü idarənin mətbuat xidməti məlumat yayıb.

"Korrupsiyaya Qarşı Mübarizə Xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə və "Kazaktelekom" SC-nin xüsusilə külli miqdarda vəsaitlərinin mənimsənilməsi faktları üzrə cinayət işini araşdırır. Bu cinayətləri törətməkdə şübhəli bilinən Kayrat Satıbaldıulı saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib”, - deyə məlumatda bildirilib.

Agentliyin məlumatına görə, Satıbaldıulının dövlətin təhlükəsizliyinə xələl gətirən digər cinayətlərdə əlinin olub-olmadığı yoxlanılır.

Qeyd edək ki, Kayrat Satıbaldıulı 1970-ci ildə anadan olub. Bu illər ərzində o, Milli Təhlükəsizlik Komitəsində, hakim Nur Otan partiyasında (indiki Əmanət partiyası) vəzifələrdə çalışıb, bizneslə məşğul olub.