NDU ilə Çin universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub - Fotolar

ndu-ile-cin-universiteti-arasinda-emekdasliq-imkanlari-muzakire-olunub
Oxunma sayı: 119

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və universitetin nümayəndə heyəti Çin Xalq Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən biri olan Şanxay Mühəndislik Elmləri Universitetinin (Shanghai University of Engineering Science) rəhbərliyi ilə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə iki universitet arasında təhsil, elmi tədqiqat, innovasiya və beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Tərəflər Naxçıvan Dövlət Universitetində HSK – Çin dili üzrə beynəlxalq səviyyə imtahanı mərkəzinin yaradılması, eləcə də Çin dili üzrə hazırlıq imkanlarının genişləndirilməsi məsələlərinə toxunublar. Təşəbbüsün həyata keçirilməsi Naxçıvanda bu sahədə ilk addım olmaqla, NDU-da HSK imtahanlarının təşkili və Çin dili üzrə hazırlıq prosesinin həyata keçirilməsinə imkan yaradacaq.

Əməkdaşlığın digər istiqamətləri sırasında süni intellekt, dizayn və bərpa olunan enerji sahələrində magistratura səviyyəsində ikili diplom proqramlarının yaradılması məsələləri yer alıb. Bu sahələrdə birgə təhsil proqramlarının hazırlanması, elmi tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin təşkili, həmçinin NDU tələbələrinin Şanxayda keçiriləcək yay məktəblərində iştirakı ilə bağlı imkanlar nəzərdən keçirilib. Bildirilib ki, belə təşəbbüslər tələbələrin beynəlxalq təcrübəsinin artırılmasına, müəllimlərin akademik əlaqələrinin genişləndirilməsinə və hər iki universitetin elmi potensialının inkişafına töhfə verə bilər.

Şanxay Mühəndislik Elmləri Universiteti əsasən mühəndislik, tətbiqi texnologiyalar və dizayn sahələri üzrə ixtisaslaşır. Universitetin güclü istiqamətlərinə avtomobil və maşınqayırma mühəndisliyi, elektrik-elektronika, kompüter elmləri, aviasiya və dəmir yolu nəqliyyatı, enerji texnologiyaları və yaradıcı dizayn daxildir. Tədrisdə praktiki hazırlığa, sənaye ilə əməkdaşlığa və innovasiyalara xüsusi önəm verilir.

Şanxay dünyanın aparıcı maliyyə, ticarət, texnologiya və innovasiya mərkəzlərindən biri olmaqla, Çinin beynəlxalq iqtisadi əlaqələrində, elmi-texnoloji inkişafında və ali təhsil sahəsində mühüm strateji əhəmiyyətə malikdir. Şəhər həmçinin dünya universitetlərinin elmi fəaliyyət göstəricilərini qiymətləndirən nüfuzlu Şanxay reytinqinin (Academic Ranking of World Universities – ARWU) yarandığı mərkəz kimi beynəlxalq ali təhsil məkanında xüsusi yer tutur.

Görüşdən sonra NDU nümayəndə heyəti Şanxay Mühəndislik Elmləri Universitetinin kampusu, tədris və tədqiqat infrastrukturu, müasir laboratoriyaları və ixtisaslaşmış fakültələri ilə tanış olub. Universitetin təhsil və elmi fəaliyyətinin təşkili, sənaye ilə əlaqələri və beynəlxalq əməkdaşlıq təcrübəsi barədə məlumat verilib.

Səfər iki ali təhsil müəssisəsi arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, yeni akademik tərəfdaşlıqların qurulması və birgə təhsil proqramlarının yaradılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir. Tərəflər müzakirə olunan istiqamətlər üzrə əməkdaşlıq imkanlarının gələcəkdə konkret təşəbbüslər və birgə layihələr vasitəsilə inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.