Neftçalada dekabr ayı üzrə səyyar qəbullar baş tutub

neftcalada-dekabr-ayi-uzre-seyyar-qebullar-bas-tutub
Oxunma sayı: 1348

Neftçala rayonunda dekabr ayı üzrə səyyar qəbullar keçirilib.

“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

Qaçaqkənd və Kürqarabucaq kəndlərində şəhidlərin xatirəsinə inşa olunan şəhid xatirə kompleksləri ziyarət olunub və önünə gül dəstələri düzülüb.

Qaçaqkənd və Aşağı Qaramanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələri çıxış edərək Xanməmmədli, Ramazanlı və Kürqarabucaq kəndləri haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat veriblər.

Çıxış edənlər “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və Həmrəylik Günün qeyd edilməsinin Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə 16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin Milli Şurasında sərəncam verməsini və bu istiqamətdə görülən işləri görüş iştirakçılarının diqqətinə çatdırıblar.

Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  44 günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan, sentyabr ayının 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ilin tarixində düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından danışıb, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralanan hərbiçilərimiz haqqında məlumat verib.

RİH-in başçısı təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan həmrəylik ideallarının bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsini, bütün xarici ölkələrdə Azərbaycan diasporlarının yaradılmasını diqqətə çatdırıb. Ölkə başçısı, Prezident  İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızın işğaldan azad olunması, 2023-cü ilin sentyabr ayında keçirilən lokal antiteror tədbirləri zamanı ölkəmizin suverrenliyinin tam bərpa olunması, antiteror tədbirləri zamanı heç bir mülki obyektə, heç bir vətəndaşa zərər verilməməsi, 14 dekabr tarixində əsirlərimizin azad olunması, işğaldan azad olunan ərazilərimizdə və Neftçalada görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbulda sakinlər rayonda aparılan abadlıq-quruculuq işləri, ötən il keçirilən səyyar qəbul zamanı qeyd olunan çətinliklərin həll olunması ilə əlaqədar təşəkkürlərini bildiriblər, telekomunikasiya xətlərinin yenilənməsi, elektrik təsərrüfatının yenilənməsi, kənd ərazisində magistral yoldan keçən borulu keçidin təmir olunması, kənd ərazisində son günlərdə mavi yanacağın təzyiqinin aşağı olması, yeni çəkilən su xəttindən fərdi evlərə suyun verilməsi və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər.

Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.