Geridə qalan 2025-ci il həm də Azərbaycan futbolunun siması olan “Qarabağ” üçün uğurlu oldu. Ağdam klubu Qurban Qurbanovun rəhbərliyi altında UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandı. “Köhlən atlar” ölkə futbol tarixinə adını növbəti dəfə yazdırdı. Bu uğurlarda legionerlər kimi yerli oyunçuların da əməyi çox böyük idi. Əsas oyunçulardan sayılan Elvin Cəfərquliyev əla il keçirərək inanılmaz uğurlarında komandasına kömək oldu.
25 yaşlı oyunçu müdafiənin sol cinahındakı möhtəşəm oyunu ilə diqqətləri özünə cəlb edə bildi. Ötən illərdə çılğınlığı, qırmızı vərəqə alması ilə gündəm olan müdafiəçi bu dəfə yaxşı mənada seçilirdi.
İstər sosial şəbəkələrdə, istərsə də mediada gündəm yaratmağı bacaran oyunçulardan olan Elvin Cəfərquliyev “Qafqazinfo”ya müsahibəsində bir çox maraqlı məqama toxunub. O, bizimlə söhbətində karyerasındakı yüksəlişdən, ani reaksiyalarından, Qurban Qurbanovla indiyə qədər sirr qalan danışığından söz açıb.
Müdafiəçi əvvəlcə 2025-ci ili özü üçün dəyərləndirdi və “İlin ən yaxşı oyuçusu” mükafatını qazanmasını yada saldı: “Ötən ilə nəzər salsaq, çox xoş hadisələr oldu. Həm öz karyeram, həm komandam, həm də Azərbaycan xalqı üçün yaddaqalan oldu. “İlin oyunçusu”, Çempionlar Liqasında “Man of the match” seçildim. Bunları heç zaman unutmayacağam. Komanda olaraq da ÇL-in əsas mərhələsinə vəsiqə qazandıq, yaxşı oyunlar keçirdik. “İlin oyunçusu” seçildiyimi biləndə çox qürurlandım. Hələ adımın orada olduğunu eşidəndə sevinmişdim, arzularımdan biri də reallaşdı. Mənim fikrimə görə isə ilin ən yaxşı futbolçusu Bəhlul Mustafazadə, ikinci yerdə Abdulla Xaybullayev, üçüncü isə Toral Bayramov idi. Bu mənim şəxsi seçimim idi.
İlk dəfə idi ki, ən yaxşı seçilirdim. Amma bununla kifayətlənmək istəmirəm, daha çoxunu etmək niyyətindəyəm. Mən elə adamam ki, daim özüm-özümə motivasiya verirəm. Dəfələrlə olub ki, pis nəsə olub, amma özümü kökləyə bilmişəm. Hər kəsə təşəkkür edirəm ki, əziyyətimi görürlər, qiymətləndirirlər. Bacardığım qədər verilişlərə baxmağa çalışıram. Əməyimin qiymətləndirilməsi sevindirir və motivasiya verir”.
.jpg)
Oyunçu komandasının Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasından da söz açıb: “Futbol elə bir səviyyəyə gəlib ki, hər şeyi gözləmək olar. Çempionlar Liqasında oynamaq arzularımdan biri idi. Komanda neçə illərdir ki, ÇL-də iştirak etmirdi. Sonuncu dəfə 2017/2018-ci illərdə bu turnirdə mübarizə aparmışdı, sonra isə müxtəlif səbəblərdən alınmamışdı. Bunun üçün neçə illər çalışdıq. Geridə qalan mövsümdə şanssızlıq olurdu, bəxtimiz gətirmirdi, alınmırdı. Amma bu dəfə zəhmətimiz bəhrəsini verdi. Düzünü desəm, bu qədər xal toplayacağımızı heç kəs gözləmirdi. Biz öz komandamıza inansaq da, vəziyyət fərqli idi. İlk oyunlarda yaxşı xal yığa bildik. Təəssüf ki, son matçlarda xallar itirdik. Amma daha yaxşısını etmək üçün çalışacağıq. İndiyə qədər ÇL-də keçirdiyimiz 6 oyunun hamısında yaxşı çıxış etmişik.
Mənim üçün bu oyunlardan gözlənilməzi də olub. Turnirin ilk turunda “Benfika” ilə üz-üzə gəldik və əla atmosfer var idi. Hiss edirdin ki, Çempionlar Liqasında oynayırsan. Lakin qarşılaşmaya elə də yaxşı başlamadıq. Birinci qolu tez buraxdıq, az müddət keçmişdi ki, ikinci qolu buraxdıq. Öz-özümə dedim ki, “bax bu da Çempionlar Liqası...”
Budur da qitənin ən böyük yarışı, tab gətirmək var. Komanda da motivasiyadan düşmüşdü. Elə oldu ki, ilk hissədə qol vurduq və fərqi azaltdıq, bu da komandada özgüvən yaratdı. Fasilədə də “Biz bura futbol oynamağa gəlmişik, əlimizi sallayıb baxmamalıyıq. Öz oyunumuzu göstərək və görək nəticəsi necə olur” söhbətləri getdi. İkinci hissədə də meydana çıxıb, futbolumuzu oynadıq, hesab bərabərləşdi və özgüvənimiz artdı. Şükür ki, sonda da qələbə qolunu vurduq. Bu matç mənim üçün gözlənilməz idi. Adlı-sanlı rəqiblə oyunda 0:2 hesabı ilə uduzarkən geridönüş edib qalib gəlmək elə-belə şey deyil. Sizə deyim ki, həmin oyun komandanın inamını artırdı və bu matçlardan sonra yaxşı çıxış etməyə başladıq, “Kopenhagen”i udduq. “Atletik”lə matçda müəyyən bəxtsizlik oldu. “Çelsi” ilə matçda da yaxşı çıxış etdik, buradan da bir xal qazandıq. Amma istənilən halda ən gözlənilməz oyun “Benfika” matçı idi”.
.jpg)
Cəfərquliyev “Ayaks”a 2:4 hesablı məğlubiyyəti belə şərh edib: “Ümumiyyətlə, biz çox yaxşı start verdik. Ümid yaratmışdıq və hər kəs belə düşünürdü ki, mütləq “Ayaks”a qalib gəlməliyik. Halbuki onlar çox köklü və güclü komandadır. Bu mövsümün uğursuzluqları ola bilər, amma tarixləri var. Rəqib həmin oyunda müdafiə olunurdu və biz daha yaxşı oynayırdıq. Lakin onlar bizi əks-hücumda tutdu. Bu cür klublara qarşı ani səhv qolla nəticələnir. Hələ şanslarımız var və maksimum nəticəni əldə etmək istəyirik. Bilirik ki, uduzduqsa, tənqid olunacağıq. Hətta bəzən təhqirlər də olur. Qələbələrdə hamı tərifləyir və bir məğlubiyyət olan kimi tənqidlər başlayır. Bunu normal hal sayıram. Həmin oyundan sonra Qurban Qurbanov bizi yığdı və dedi ki, həvəsdən düşmək olmaz, şansımız var”.
O, müxtəlif klublardan təklif alması ilə bağlı yazılan xəbərlərə də münasibət bildirib: “Bir neçə gün öncə menecerimlə danışmışam. Real təklif yoxdur. Maraq ola bilər, amma real nəsə yoxdur. Bəzən klublar qeyri-rəsmi şəkildə oyunçulara maraq göstərirlər. Bu cür hallar olsa da, ciddiyə almıram. Əgər dəqiqləşsə, o zaman çıxıb danışa bilərəm. O klubun meneceri belə dedi, bu klubun meneceri elə danışdı. Bunları müzakirə etmək lazım deyil. Real olan bir şey varsa, “Qarabağ”a təklif göndərsinlər və sonra danışa bilərik. Mən “Qarabağ”dan adlı-sanlı kluba getmək istəyərəm. Desinlər ki, azərbaycanlı oyunçu yaxşı komandaya getdi. Azərbaycanlı futbolçular adına ilk etmək istəyərəm. Mənim üçün əsas addır. Amma hansısa kiçik klub mənə yüksək məbləğ təklif etsə, buna razılaşmaram. Çünki mən “Qarabağ”da çıxış edirəm və bu klub böyük klubdur”.
.jpg)
Yığmamızın oyunçusu futbola başladığı illəri yada salıb: “Futbola böyük marağım var idi. Məhəllədə oynayırdım, daim izləyirdim. Məktəbdən gəlib çantamı atıb gedirdim futbolla məşğul olmağa. Arzum idi ki, hansısa komandada çıxış edim. Atamdan xahiş edirdim ki, mənə forma alsın və məhəllədə oynayım. İlk formam “Çelsi”nin kapitanı Frenk Lempardın forması oldu. Hər gün məktəbdən gələndə anama deyirdim ki, atama deyin, məni futbola göndərsin. Onda da 7 yaşım var idi. Atam da buna çox isti yanaşmırdı, sonra cüdo məşqlərinə apardı. Cüdo ilə 6 aya yaxın məşğul oldum və bir gün gəlib dedim ki, ya futbolla məşğul olacağam, ya da ki, heç yerə getmirəm. Atam məni sonradan dağılan “İnter” klubunun akademiyasına apardı, başladım futbol oynamağa. Evdəkilər düşündü ki, 1-2 il gedər, sonra həvəsi bitər, dayandırar. Futbol oynamağa başladım, müdafiədən başqa bütün mövqelərdə oynayırdım. 2014-cü ildə “İnter”də vəziyyət pisləşdi.
Həmin vaxtlar “Qəbələ” inkişafda idi və özüm də Qəbələdənəm. Çox istəyirdim ki, orada çıxış edim. Dedim ki, məni bu kluba yazdırın. Onda “Qəbələ”nin akademiyası, yataqxanası, məktəbi var idi. Orada qalacağımı dedim, amma valideynlərim razılaşmırdı. Elə alındı ki, ora getdim. Lakin çox qalmadım və ayrıldım. Təzədən “İnter”ə qayıtmaq istədim. Lakin bunun üçün “Qəbələ”yə təzminat ödəmək lazım idi. Bu baxımdan problem yarandı. Bir ay futbolsuz qaldım. Evdə də maddi baxımdan vəziyyət yaxşı deyildi. Həmin vaxt düşünürdüm ki, valideynlərimə yük oluram, onları xərcə salıram. İşləməli olduğumu fikirləşirdim. 14-15 yaşım var idi və özümə iş axtardım. Bir restoranda işə başladım, ofisiant işləyirdim.
.jpg)
Düzdür, çox uzun sürmədi, amma evə kömək edirdim. Həmin yaşa qədər ev qayğısı ilə böyümüşdüm, bərkiməmişdim. İlk işə gəldiyim gün ağ köynək geyinmişdim, saçlarım uzun... Həmin o restoranın yiyəsi gəlib mənə dedi ki, “bu nə saçdır?” Aşağılamış kimi danışdı və mənə çox pis təsir etdi. Pul qazanmaq çox çətin idi. Atam meyvə-tərəvəz satırdı və işdən çıxıb ona kömək edirdim. Bir gecə 11-12 radələrində mənə zəng gəldi, dedilər ki, Rəşad Sadıqov səni “Qarabağ”ın məşqində gözləyir. Həmin vaxt Sadıqov U-19 komandasının baş məşqçisi idi. Özüm də şoka düşdüm ki, futbol oynamıram, uzun müddətdir uzaq düşmüşəm.
Necə olacağını bilmirdim. Həmin vaxt da “Qarabağ” Çempionlar Liqasında çıxış edirdi və U-19 Gənclər Liqasında oynayırdı. Mənim onsuz da uşaqlıqdan xarakterimdə problem var idi, davakar idim. Getdim və Rəşad Sadıqov mənə dedi ki, səni çoxdandır izləyirəm və komandamda görmək istəyirəm, amma xarakterini dəyişməlisən. Bildirdi ki, potensialın böyükdür və yaxşı oyunçu ola bilərsən. Bildirdi ki, hər şey yaxşı olacaq və özünə güvən. Ondan sonra U-19-da oynadım, əvəzedici komandaya getdim, əsas komandada məşqlər edirdim. Sonra “Sumqayıt”a icarəyə getdim və orada da yaxşı çıxış etdim. Ayxan Abbasovun rəhbərliyi altında oynadım. O məni Rəşad Sadıqovdan istəmişdi.

Getdim bir il oynadım və əsas heyətdə çıxış etdim. Ayxan müəllimin də üzərimdə əməyi var. 400-500 manat maaş alırdım, amma əsas komandada idim. Sumqayıta gedib-gəlmək də çətin idi. Qazanırdım, evə kömək edirdim, buna çox sevinirdim. Futboldan pul qazanmaq da ayrıca xoşbəxtlik idi. İcarə müddətim bitəndə “Qarabağ”a qayıtmalı olduğumu bildirdilər. Amma hamı deyirdi ki, “qal Sumqayıtda, “Qarabağ”a getsən, ehtiyatda oturacaqsan”. Özüm də nə edəcəyimi bilmirdim.
Amma “Qarabağ”dan zəng gəldi və dedilər ki, Qurban Qurbanov səni öz komandasında görmək istəyir. Buna da çox sevindim. Geri qayıtdım, heyət güclü idi, ehtiyatda otururdum. Amma Qurban Qurbanov çılğın xarakterimi görürdü, bilirdi ki, bu mənim xeyrimədir. Çox güvəndi, inandı. Həmin vaxt da Azərbaycan U-17 yığmasına dəvət aldım və başqa ölkəyə toplanışa gedirdik. O dönəmdə maaş almırdım və səfərə yollanacaqdım. Səfərə gedəndə də adam istəyir ki, cibində pul ola. Evdəkilərdən heç olmasa, 100 manat istədim. Amma yenə də durum yaxşı deyildi, gördüm heç nə yoxdur. Həmin vaxt nənəm öz qızıllarını atama verdi ki, satıb mənə milli ilə getmək üçün pul versin. Elə də oldu və ondan sonra düşündüm ki, bunların qarşılığını verməliyəm”.
.jpg)
E.Cəfərquliyev bəzən aqressiv davranmasından da söz açıb: “Mənim mövqeyim elədir ki, orada çılğın olmamaq mümkün deyil. Çünki elə bir futbolçuyam ki, 90 dəqiqə mövqeyim boyunca hərəkətdəyəm. İnsan bədəni elədir ki, çox yoruluram. Yorğunluq da aqressiya yaradır, bunu da çılğın olmağımda səbəb kimi görürəm. Bütün mübarizələrin içində varam, həm müdafiədə, həm yarımmüdafiədə, həm hücumda iştirak edirəm. Düşünürəm ki, bu da mənim xeyrimədir. Xarakterimdə aqressivlik olmasa, bəlkə də indiki səviyyəyə gəlməzdim. Çünki mən uduzmağı sevmirəm, uduzmağı bacarmıram. Tənqidlərə açıq bir insanam. Təhqir olmasın, amma tənqid problem deyil. Onları oxuyanda düşünürəm ki, meydana çıxıb əksini sübut etməliyəm. Epizodlarıma bəzən maraqlı şərhlər yazırlar və özüm də ona baxıb gülürəm. Çox vaxt dostlarım gəlib göstərir ki, sənə filan şərhi yazıblar”.
“Sosial şəbəkələrdə bir video hazırlanıb ki, meydana çıxanda dua edirsiniz, amma matçın gedişində söyüş söyürsünüz. Həmin videonu izləmisiniz?” sualına Ağdam klubunun üzvü belə cavab verib: “(Gülür). İzləmişəm. Meydana girəndə dua edirəm ki, qırmızı vərəqə almayım. Ümumiyyətlə, hər zaman dua ilə başlayıram. Əldə etdiklərimi Allah mənə verib. Dua edirəm ki, səbirli olum, özümü cilovlaya bilim, şansım yaxşı olsun. İndi arada nəsə olur, amma qurtamışam. Artıq söyüş söymürəm. Səhvlər olur, amma olmamalıdır”.

Futbolçu 2023/2024-cü il mövsümündə Avropa Liqasının 1/8 final mərhələsində “Bayer Leverkuzen”ə 2:3 hesabı ilə uduzduqları matçda ona qırmızı vərəqə göstərən məşhur hakim Entoni Teylorla yaşanan epizoddan da danışıb: “Həmin matçda mənimlə tez-tez üz-üzə gələn rəqib oyunçu Frimponq çox cəld və sürətli idi. Onu indiyə qədər gördüyüm ən cəld oyunçu adlandıra bilərəm. Bu cür futbolçulara qarşı oynamaq çətindir. Çünki hər an vərəqə aldıra bilər, hər hansı hərəkəti ilə ani olaraq hücuma keçə bilər. Bir dəqiqə də olsun, yerində dayanmır. Ondan öncə də biz Almaniya klubu ilə oynamışdıq. Onu yaxşı tanıyırdım. Həmin matça da yaxşı başladıq, özümü əla hiss edirdim və qol vurmuşduq, udurduq. Bu cür oyunlarda ani səhv çox baha başa gələ bilər. O epizodda mən topu sol ayağımdan çıxarmaq istəyəndə səhvə yol verdim. O da səhvimi görüb məndən cəld tərpəndi. Sürətdə ona uduzmurdum. Onunla bir yerdə qaçırdım və gördüm ki, mərkəzdə Bəhlul var.
Amma Bəhlulun da yanında onların bir oyunçusu gedirdi. Yəni bərabər say var, amma Frimponq məndən öndədir. Düşündüm ki, taktiki fol edərəm və qapıya yaxın deyiləm. Uzağı sarı vərəqə alaram, almasam da yaxşı olar. Ona iki barmağımla toxundum və yıxılmadı, düşündüm ki, epizoda davam edə bilərik. Amma cərimə meydançasının içinə girəndə özünü yerə atdı. Düşündüm ki, hakim ona simulyasiyaya görə sarı vərəqə verəcək. Amma Teylor epizodu dayandırıb mənə sarı vərəqə verdi. Fikirləşdim ki, normaldır, 60-cı dəqiqədir, ikinci hissədir. Rəqib də topu qoydu və cəriməni vurmağa hazırlaşırdı. Heç leverkuzenli futbolçular da gözləmirdi ki, hakim VAR-a gedəcək. VAR hakimi Entoni Teyloru epizodu təkrar izləməyə çağırdı. Mən də emosiyalara qapılmışam və düşünürəm ki, hakim gedib baxıb sarını da ləğv edəcək, simulyasiya olduğunu deyəcək. Halbuki elə bir şey yoxdur. Getdi, “sağ olsun”, gəlib “qırmızı” verdi. Mən görüşmək istəyirəm ki, ləğv etdir sarını.
.jpg)
Mənim yadıma gəlmir ki, hansısa oyunçu ardıcıl olaraq vacib oyunlarda qırmızı vərəqə alsın. Ondan əvvəl pley-off-da “Braqa” ilə matçda, sonra “Bayer Leverkuzen”lə oyunda qırmızı vərəqə almaq... Həmin matçda meydandan qovulduqdan sonra paltardəyişmə otağına gedəndə eşitdim ki, stadionda səs yüksəldi. Düşündüm ki, mən çıxan kimi onlar vurdu. Paltardəyişmə otağında monitor var və tez gedib ona baxdım, gördüm ki, biz qol vurmuşuq. Bir az inam yarandı. Fikirləşdim ki, bu oyunu da udsaq, çox yaxşı olacaq. Amma təəssüf ki, sonda uduzduq. O da mənfi olaraq yaddaşımda qalacaq. Həmin oyunda aldığım qırmızı vərəqə mənim üçün indiyə qədər aldığım ən pis qırmızı vərəqədir. O cür matçda belə şeyin olması lazımsız idi. Çünki komanda yoldaşlarım əziyyət çəkirdi”.
“Çempionluğunuzu qeyd edərkən medalını almağa məşhur “Eşref Rüya” türk serialının musiqisi ilə çıxdınız. O da sosial şəbəkədə çox müzakirə olundu. Bunu gözləyirdiniz?” sualına futbolçu bu cür cavab verdi: “Oyundan öncə bizdən hansı musiqi ilə meydana çıxacağımızı soruşurlar. Həmin vaxtlarda o seriala baxırdım, çox maraqlı idi, musiqisi də Azərbaycanda çox yayılmışdı. Demək olar ki, həmin serialın bölümlərini gözləyirdim. Ona görə də düşündüm ki, o musiqi ilə çıxım”.
.jpg)
Müdafiəçi baş məşqçisi Qurban Qurbanovun onun haqqında “Elvinin nə istədiyini nə siz, nə də mən bilmirəm” deməsinə də münasibət bildirib: “Qurban Qurbanova təşəkkür edirəm. Hər zaman mənə dəstək olub, yanımda olub, ən pis vaxtlarda mənə inanıb. Məsələn, “Bayer Leverkuzen”lə qırmızı vərəqə aldığım oyundan öncə “Braqa” ilə matçda meydandan qovulmuşdum. Əslində, Qurban Qurbanov mənə güvənməyə, meydana buraxmaya bilərdi. Amma güvəndi və start heyətdə çıxdım və yenə qırmızı aldım. İndi başa düşürəm ki, mənə çox inanır. Üzərimdə haqqı çoxdur. 19 yaşımdan “Qarabağ”dayam. O yaşdan bu yaşıma qədər nə qədər tənqidlər, Qurban Qurbanovla xeyli danışıqlarımız olub.
.jpg)
Bunu ilk dəfədir ki, deyirəm, yayda Qurban müəllimlə görüşümüz oldu. O mənə dedi ki, bu cür davam edəcəksənsə, yollarımızı ayıracağıq. Bildirdi ki, “indiyə qədər sənə çox güvənmişəm. Amma bu millətə, bu azarkeşə qarşı səhv edə bilmərəm”.
Qurban Qurbanova bildirdim ki, nə qədər uğur qazanmışamsa, burada sizin və ailəmin əziyyəti danılmazdır. Ona söz verdim ki, özümdə çox dəyişikliklər edəcəyəm. Həm futbolçu olaraq, həm psixoloji olaraq özümü növbəti matçlara hazırlayacağam. O da mənə güvəndiyini, yenə də inandığını dedi. Bəzi uğurlar var idi ki, onları Qurban Qurbanovla qazanmaq istəyirdim. Çempionlar Liqasında oynamaq istəyirdim. Məhz onun rəhbərliyi altında bunu bacardım. Bugünkü gündə mən tamamilə dəyişmişəm və yəqin ki, bunu siz də görürsünüz. Heç zaman oyun cəhətdən əziyyət çəkməmişəm. Əziyyət çəkdiyim yer öz psixoloji durumum idi və bunu dəyişməli, sakit olmalı idim. Şükür olsun Allaha ki, futbolçu olaraq da, komanda olaraq da uğurluyuq. Qırmızı vərəqə aldığım vaxt evdə də narazılıq bildirirdilər. Gəlirdim və evdəkilər deyirdi ki, “Sən niyə belə edirsən?”, “Allahın sənə verdiyi şansa niyə təpik atırsan?” Xarakterimə görə geri düşdüyümü deyirdilər. Həmin vaxt “Qara zolaq”da idim və ailəm yanımda oldu. Atam mənə çox motivasiya verib və bunu uşaqlıqdan bəri edib. Səbirli, təmkinli olmağımı istəyirdi”.

Azərbaycan millisinin üzvü Çempionlar Liqasının əsas mərhələsində keçirilən “Qarabağ” - “Ayaks” oyununu sığınacaqda tək izləyən balaca Əkbərlə görüşündən də danışıb: “Ayaks”la oyundan çıxmışdıq, evə getdim və sosial şəbəkələrdə videoları izləyirdim. Əkbəri gördüm və həmin video mənə toxundu. Ona baxarkən uşaqlığımı xatırladım. Bizi tez yatızdırırdılar, amma icazə alırdım, atamla birlikdə futbola baxırdım. Həvəsim çox idi və oyunları izləyirdim. Əkbəri anladım, o da icazə alıb oyuna baxırdı. Bir az üzüldüm ki, qələbə qazanıb onu sevindirə bilmədik. Əkbərin əziyyətini yerdə qoymuş kimi hiss etdim. Düşündüm ki, onunla görüşüm və formamı hədiyyə edim. Əslində, Əkbər başqa futbolçularla görüşmək istəyirdi. Amma özümə borc bildim ki, onunla görüşüm, öpüb qucaqlayım. Görüşdük və dedi ki, sizi çox sevirəm, bütün oyunçuları tanıyıram. Oyunumuza da gəlmək istədiyini dedi və söz verdim ki, bazamıza gələcəksən, qonaq olacaqsan. Bu da baş verdi”.
Elsevər Məmmədov
Fotolar-Video: Pərvin Zeynal