Nepal beynəlxalq yardım istəyir - 5 milyard dollar lazımdır

nepal-beynelxalq-yardim-isteyir
Oxunma sayı: 477

Nepal hökuməti yüzlərlə insanın həyatını itirdiyi daşqınların ardından ölkənin bərpası üçün 4-5 milyard dollar arasında vəsaitə ehtiyac olduğunu açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Nepalın maliyyə naziri Svarnim Vaqle “Reuters”ə bildirib ki, ilkin hesablamalara əsasən, fəlakətin vurduğu zərərin aradan qaldırılması və ölkənin yenidən qurulması üçün 4-5 milyard dollar tələb olunur.

Onun sözlərinə görə, ziyanın qiymətləndirilməsi davam etdiyi üçün yekun məbləğ dəyişə bilər.

Nepalın xarici işlər naziri Şisir Xanal ölkəyə adi axtarış-xilasetmə qruplarından daha çox ixtisaslaşmış texniki dəstəyə ehtiyac olduğunu deyib. Onun sözlərinə görə, bu mütəxəssislər dağılmış tunellərdə qalan insanların xilas edilməsinə, dağılan körpülər səbəbindən kəsilən nəqliyyat və rabitənin bərpasına, həmçinin cəsədlərin qorunmasına və şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün DNT analizlərinin aparılmasına kömək etməlidir.

Xanal beynəlxalq ictimaiyyətdən məhz bu sahələr üzrə texniki yardım istəyəcəklərini bildirib.

Rəsmilər daşqın sularında qalan bəzi meyitlərin ciddi şəkildə çürüdüyünü açıqlayıblar. Epidemiya riskinin qarşısını almaq məqsədilə hüquqi prosedurlar tamamlandıqdan sonra şəxsiyyəti müəyyən edilə bilməyən meyitlərin açıq ərazilərdə dəfn olunacağı bildirilib.

Çitvan rayonunda hakimiyyət orqanları DNT nümunələri götürüldükdən sonra dəfnlərin həyata keçiriləcəyini açıqlayıb.

Katmandudakı Tibb Kampusuna gətirilən 49 meyitdən indiyədək yalnız 7-nin şəxsiyyəti müəyyən edilib.